"Azərbaycan bu gün dünyada
multikulturalizmin mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Biz keçən
ili Azərbaycanda "Multikulturalizm İli” elan etmişdik. Bu il isə "İslam
Həmrəyliyi İli”dir. Bu iki təşəbbüs arasında sıx bağlılıq var. Yəni,
biz, bu təşəbbüslə göstəririk və bildiririk ki, dünyada bütün məsələlər
qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır”.
XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev
MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli
mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 2008-ci
ildə "Bakı prosesi”nə start verdi və bu gün "Bakı prosesi” BMT tərəfindən dəstəklənən çox geniş bir hərəkatdır: "Məhz 2008-ci ildə Azərbaycan Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət
etmişdi. Beləliklə, birinci dəfə hər iki təşkilat bir yerdə toplantı
keçirmişdir. "Bakı
prosesi” o gündən bu günə qədər çox böyük məsafə qət etmişdir və bu gün
beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. Yəni, idman ictimai
həyatın önəmli amili kimi, əlbəttə, bundan sonra da öz rolunu oynayacaq.
Azərbaycan idman yarışlarını keçirərkən, əlbəttə, eyni zamanda, bu
məqsədi də güdür ki, idmançılar arasında, xalqlar arasında, ölkələr
arasında münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulsun.
Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi
ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi
fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu
etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə
qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti
seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq
Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın
inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün
yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan
daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim
maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına,
idmana həsr edilib”.
İlham Əliyev
deyib ki, Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların
məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin
yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən
mənzillər, digər mükafatlar, təqaüdlər verilir: "Yəni, biz daim
çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman
Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib.
İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət
böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman
yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar,
onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək
əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da
görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq,
həm dövlət səni yüksək qiymətləndirəcək.
Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf
edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün
gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların
qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər
dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda
hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu
qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə
Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Bu gün biz
Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab
edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də
edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə
olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında
14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir. Bizim
həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan
nümayəndələri xalqımızı SSRİ
yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki
nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə
fərqlənir.
Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında
14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər,
apardığımız siyasət hesabına - bu barədə mən artıq öz fikirlərimi
bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb
və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki,
müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan
xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil
siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o
cümlədən idman sahəsində də bu uğurlara imza atıb”.
Dövlət başçsısı qeyd edib ki, bir neçə gün bundan əvvəl dünyanın aparıcı
iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin
iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb.
Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə
qərarlaşıb. Bu da MDB
məkanında birinci yerdir: "Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları
təhlil edilib. Onların arasında Azərbaycan - gənc müstəqil dövlət 35-ci
yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına,
xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz
dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük
sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada
artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub,
onların hamısı müstəqillik dövründə formalaşıb. Azərbaycan bundan sonra
da müstəqillik yolu ilə uğurla gedəcək. Bizim gələcəkdə idman
uğurlarımız daha da çox olacaq. Bütün idmançıları əldə edilmiş qələbələr
münasibətilə təbrik edirəm və yeni qələbələr, uğurlar arzulayıram”.