"Bu gün biz Milli Olimpiya
Komitəsinin 25 illiyini qeyd edirik. Bugünkü mərasimdə Azərbaycanın
idman ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar iştirak edirlər.
Fürsətdən istifadə edərək, bugünkü mərasimdə iştirak etmək üçün ölkəmizə
gəlmiş Avropa Olimpiya Komitələrinin nümayəndələrini xüsusi
salamlayıram. Azərbaycan Avropa Olimpiya Komitələrinin fəal üzvüdür.
Bugünkü mərasimdə Avropa Olimpiya Komitələrinin rəhbərliyinin iştirakı
əlbəttə ki, bizi çox sevindirir. Onu da qeyd etməliyəm ki, bu gün Bakıda
Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin toplantısı, eyni
zamanda, Milli Olimpiya komitələrinin forumu keçirilir”.
XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev
MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli
mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda
Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir:
"Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda
dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən
idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Qeyd etməliyəm ki,
bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi,
idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki,
Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da
geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez
sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana
cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində
Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza
atmışdır.
Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları
hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib
istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın
bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda
isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə
tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son
illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında
əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd
etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir.
Biz əlbəttə ki, idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki
bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil
edirlər. Azərbaycan ilk dəfə olaraq müstəqil dövlət kimi 1996-cı ildə
Yay Olimpiya Oyunlarında iştirak etmişdir və o vaxt cəmi 1 medal qazanmışdır. Ondan 20 il sonra Rio Yay Olimpiya Oyunlarında
isə Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına
görə komanda hesabında Azərbaycan 14-cü yerə layiq görülmüşdür. Bax, bu
tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir. Çünki
Olimpiadadan-Olimpiadaya medallarımızın sayı artırdı və 18 medal
qazanmaq doğrudan da çox böyük tarixi nailiyyətdir”.
Prezident qeyd edib ki, Azərbaycan idmançıları, eyni zamanda, Avropa
və dünya çempionatlarında böyük uğurlar qazanırlar: "Bu il bizim iki
idmançımız sərbəst güləş və boks üzrə üçüncü dəfə dünya çempionu olub.
Bu da tarixi nailiyyətdir. Bir sözlə, bu gün Azərbaycan o ölkələrdəndir
ki, onun çox güclü idman potensialı var. Həm infrastruktur, həm
idmançıların hazırlığı, gənc idmançıların hazırlanması - biz bu məsələyə
kompleks şəkildə yanaşırıq. Bir daha qeyd etmək istəyirəm ki, bütün
müvafiq qurumlar bir nöqtəyə vurur, bir məqsədə qulluq edir və məhz buna
görə də biz idmanda bu nailiyyətləri əldə edə bilmişik.
Biz beynəlxalq arenada - Beynəlxalq Olimpiya Komitəsi, Avropa
Olimpiya Komitələri çərçivəsində də fəal iştirak edirik. Bizim
beynəlxalq federasiyalarla da çox yaxşı əlaqələrimiz var. Təsadüfi deyil
ki, Azərbaycanda demək olar ildə bir neçə dəfə mötəbər beynəlxalq yarış
keçirilir. Bu günlərdə Bakı şəhərində qadınlar arasında voleybol üzrə Avropa
çempionatı keçirilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də
artıq bir ənənəyə çevrilib. Biz buna öyrəşmişik və bu da əlbəttə ki,
həm ölkəmizin potensialını göstərir, həm də beynəlxalq federasiyaların
bizə olan inamını əks etdirir. Bu idman tədbirləri arasında mötəbər
yarışları bu gün xüsusilə qeyd etmək istərdim. Bakıda iki dəfə Formula-1 yarışı keçirilmişdir. Bu, tamaşaçı auditoriyasına görə Yay Olimpiya Oyunlarından sonra yəqin ki, ikinci idman yarışıdır. Bu yarışların auditoriyası 500 milyon insandır. Bakıda
iki dəfə keçirilmiş "Formula-1” yarışı artıq "Formula-1” yarışları
arasında özünəlayiq yer tuta bilib. Çünki bu, şəhər yarışıdır və
tamaşaçılar üçün, televiziya ilə bu yarışı izləyənlər üçün həm yarış
daha maraqlı keçir, eyni zamanda, şəhərimizin gözəlliyi yarım milyard
insana təqdim olunur”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda dünya, Avropa çempionatları keçirilir: "Əlbəttə ki, mən 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etməliyəm. Bu qərarı qəbul edən Avropa
Olimpiya Komitələrinin rəhbərlərinə və üzvlərinə bir daha
minnətdarlığımı bildirmək istəyirəm. O vaxt bu qərarın qəbul edilməsi
bizə imkan verdi ki, bu Oyunları keçirək, öz imkanlarımızı göstərək və
beləliklə, Avropa
Oyunlarına start verək. Bilirsiniz ki, hazırlıq üçün bizim cəmi 2 il
yarım vaxtımız var idi və deyə bilərəm ki, bu Oyunlar qısa müddət
ərzində Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bakıda
bu Oyunlarda 50 ölkə, 5 mindən çox idmançı, nümayəndə heyətlərinin
minlərlə üzvü, qonaqlar iştirak ediblər. Onu da qeyd etməliyəm ki,
Azərbaycan bu Oyunlarda çox yaxşı nəticələr göstərmişdir, komanda
hesabında idmançılarımız ikinci yerə layiq görülmüşlər. Bu Oyunlar bizim
hamımızın xatirindədir, bu, gözəl bir idman və dostluq bayramı idi. O
günlərdə yaşanan ab-hava əminəm ki, bundan sonra da bizim yaddaşımızdan silinməyəcək. Bu gözəl təcrübəni əldə edərək, Azərbaycan bu il IV İslam
Həmrəyliyi Oyunlarını uğurla keçirib. Bu Oyunlarda 54 ölkə, 3 mindən
bir qədər çox idmançı iştirak etmişdir. Bu Oyunlarda da Azərbaycan
idmançıları öz güclərini göstərərək bu dəfə komanda hesabında, 54 ölkə
arasında birinci yeri tuta bilmişlər. Bu Oyunlar da çox böyük
müvəffəqiyyətlə keçdi. Həm Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılar və qonaqlar əminəm ki, öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar.
Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim
siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə
olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən,
xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə
cəmi iki il ərzində həm Avropa, həm İslam
oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da
verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir. Siz bilirsiniz ki,
Azərbaycan bu istiqamətdə dünya miqyasında çox böyük işlər görür”.