Bakı Nəqliyyat Agentliyi (BNA) ötən
gün keçirilən "Qarabağ" - "Roma" futbol matçından sonra ekspress xətt
avtobuslarının xidmət göstərmədiyi haqda yayılan xəbərlərlə münasibət
bildirib.
XəzərXəbər xəbər verir ki, qurumun açıqlamasında deyilir:
"Məlumat üçün bildiririk ki, oyun günü
saat 16:30-da metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarının
çıxışına yaxın ərazidən Bakı
Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına tamaşaçıların
daşınması prosesinə başlanılıb. Saat 20:00-dək davam edən proses zamanı
21165 nəfər tamaşaçının daşınması təmin edilib. Sərnişinlərin stadiona
daşınması prosesi günün pik saatlarına təsadüf etdiyindən yollarda olan
tıxac səbəbindən avtobuslararası intervalda müəyyən gecikmələr yaranıb.
Lakin Bakı
Nəqliyyat Agentliyinin Dövlət Yol Polisi ilə birgə həyata keçirdiyi
operativ tədbirlər nəticəsində avtobusların normal fəaliyyəti bərpa
edilib.
Oyun başa çatdıqdan sonra azarkeşlərin müəyyən edilən istiqamətlərdə
(metronun "Qara Qarayev" və "Gənclik" stansiyaları) daşınması da nəzərdə
tutulan plana uyğun icra edilib. Futbol qarşılaşmasının birinci hissəsi
yekunlaşdıqdan sonra azarkeşlər stadiondan çıxmağa başladığından əks
istiqamətdə daşınma vaxtından bir qədər tez başlanılıb. Ümumilikdə Bakı
Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından metronun "Qara
Qarayev" və "Gənclik" stansiyaları istiqamətində 22640 nəfər azarkeşin
daşınması təmin edilib.
Terminal ərazisində hərəkətin təhlükəsizliyi üçün polis əməkdaşları
tərəfindən bütün zəruri tədbirlər görülüb. Məhz polisin dəstəyi
sayəsində avtobusların terminal ərazisinə vaxtında çatması təmin edilib.
Bununla yanaşı, axşam saatlarında ictimai nəqliyyatın fəaliyyətinə
nəzarət gücləndirilib, ehtiyac olan istiqamətlərdə nəqliyyat
vasitələrinin sayı artırılıb.
Məlumat üçün onu da qeyd edək ki, oyundan sonra azarkeşlərin stadion
ərazisini tərk edən zaman müəyyən xoşagəlməz hallar yaşanıb. Ərazidəki
təlimatçılar və digər məsul şəxslər tərəfindən metronun "Koroğlu”
stansiyası istiqamətində yönləndirilən azarkeşlərimiz yağışlı havada
arzuolunmaz vəziyyətlə üzləşiblər ki, bu hal bizi də ciddi şəkildə
narahat edir. Metro istiqamətində hərəkət edən azarkeşlər ekspress xətt
avtobuslarından istifadə edə bilməyib uzun müddət yağışda açıq havada
qalmalı olublar ki, bu da müəyyən narazılıqlara səbəb olub. Lakin həmin
vaxt İctimai Nəqliyyat Terminalında 430 ədəd nəqliyyat vasitəsi hazır
vəziyyətdə olub.
Bir sıra informasiya vasitələri bunu fürsət bilib Bakı
Nəqliyyat Agentliyinə qarşı qara PR kampaniyasına başlayıblar. Sosial
şəbəkələrdə azarkeşlər tərəfindən çəkilən video görüntüləri KİV
haqqında qanunun tələbini pozaraq müvafiq araşdırma aparmadan
informasiya portallarında yayımlayıblar. Jurnalist etikasına zidd bu cür
informasiyaların yazılması Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi müsbət işlərin üstündən xətt çəkməklə ictimai rəyi yalnış yönləndirməkdir.
Bakı
Nəqliyyat Agentliyi fəaliyyətini qara PR üzərində quran və müəyyən
maraqlara xidmət edən media qurumlarını qaralama kampaniyasına son
verməyə, obyektiv və qərəzsiz olmağa, süni günahkarlar təyin edib
məlumatı yaymamağa dəvət edir".