"Bu il Azərbaycanda 6 meşə yanğını
hadisəsi olub. Bunlar Xızı, Şirvan, Şabran, Şəki, Oğuz və Qəbələ
rayonlarında olan meşə yanğınlarıdır. 5 rayondakı yanğınlarda meşə
fonduna o qədər də ciddi ziyan dəyməyib. Qəbələdəki meşə yanğınları ilə
bağlı isə xüsusi komissiya yaradılıb və ciddi araşdırma aparılır”.
Bu sözləri
XəzərXəbər-ə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı
departamentinin sektor müdiri Sadiq Salmanov deyib. O bildirib ki, meşə
yanğınları odla ehtiyatsız rəftar və taxıl biçinindən sonra kövşənlərin
yandırılması nəticəsində olur.
"Bu il yay xüsusilə quraq keçdi. Həmçinin meşə fondu torpaqları digər
istifadəçilərin torpaqları ilə həmsərhəddir. Ona görə də cari ildə baş
verən yanğınlar əsasən taxıl biçinindən sonra kövşənlərin yandırılması
və odla ehtiyatsız rəftar nəticəsində baş verib. Ümumiyyətlə, dünyada
baş verən yanğınların 65 faizi odla ehtiyatsız rəftar nəticəsində baş
verir. Azərbaycanda
mövcud meşələrin 85 faizi dağlıq zonalarda, 15 faizi aran zonalarında
yerləşir və əsasən də enliyataqlı meşələrdən ibarətdir. Belə halda qeyd
etmək lazımdır ki, bizim meşələr kifayət qədər rütubətli meşələrdir və
dağlıq bölgələrdə yerləşdiyi üçün orada öz-özünə alışma halları
minumumdur. Meşələrdəki yanğın sadəcə odla ehtiyatsız rəftar, atropogen
təsir nəticəsində baş verib”.
S.Salmanov qeyd edib ki, Azərbaycandakı
meşə yanğınları aşağı və zəif intensivlidir. "5 rayondakı meşə
yanğınlarında əsasən ot örüyü yanıb və meşə fonduna ciddi ziyan
dəyməyib. Qəbələdəki
hadisə isə araşdırılır və bu zaman tələb edən məsələdir. Bundan əlavə,
meşə yanğınları nəticəsində heyvanlar öz yuvalarını tərk etməsinə səbəb
olub”.