Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq.
XəzərXəbər-in məlumatına görə, bunu avqustun 20-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib.
Dövlətimizin başçısı xalçaçıları xalça fabrikinin açılışı münasibətilə
təbrik edib: "Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki,
Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz
şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər
işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı
qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.
Bir müddət bundan əvvəl mənim sərəncamımla "Azərxalça” Açıq Səhmdar
Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki,
tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il
10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik
yaradılacaq”.
İlham Əliyev, beləliklə, Azərbaycanda xalça fabriklərinin sayının 30-a
çatacağını bildirib: "Bu fabriklərdə 5 mindən çox insan, - onların
mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək. Bu, çox
gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli
sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq
hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan
xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir.
Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin
kimi gözəl insanlar bu sənəti yaşadırsınız”.
Prezident vurğulayıb ki, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir: "Bakıda
möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı
ilə bağlı tədbirlər də görülür və bu fabriklərin yaradılması bunun bir
hissəsidir. Çünki bu, həm iş yerləridir, həm biz tarixi sənətimizi,
sərvətimizi qorumuş oluruq, həm də qadınlar üçün iş yerləri yaradılır.
Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə büdcəsinə öz
töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusilə belə gözəl
şəraitdə”.
Dövlət başçısı deyib ki, bu fabrik ən müasir standartlara cavab verir:
"Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz
xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha
çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada
nümayiş etdiriləcək. İndi bir çox ölkələrdə bilirlər ki, Azərbaycanda
xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmaqla biz bu
məqsədi də təmin etmiş oluruq. Ölkəmizin təbliğatı, tanıdılması
istiqamətində bunun çox böyük mənası var.
Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur
ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldaq. Yun tədarükü
məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanda
ipəkçilik də sürətlə inkişaf etdirilir. İpək xalçaların toxunması da
gündəlikdədir. Yəni, "Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin
qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan
vermişdir”.
İlham Əliyev əlavə edib: "Şadam ki, ikinci fabrik Şəmkir rayonunda
yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşünaslıq
Muzeyində nümayiş etdirilən eksponatlar, fotoşəkillər bunu bir daha
göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim
Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.
Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər
gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl
şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri,
eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl
mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə
verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam
etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün
biz yol layihəsinin də açılışını etdik. Elektrik enerjisi ilə təminat
yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox
məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin
olunur".
Azərbaycan Prezidenti vurğulayıb ki, Şəmkir rayonunun çox böyük iqtisadi
potensialı var: "Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir.
Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə
hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin ən böyük aqroparkı
yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə
gözəl fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti
töhfədir. Mənim göstərişim "Azərxalça” tərəfindən layiqincə yerinə
yetirilir. Qısa müddət ərzində biz ikinci fabrikin açılışına nail olduq.
Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş
yerlərinin sayı 5 minə çatacaq.
Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də
ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın”.