"Bugünkü müşavirənin əsas məqsədi
ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, - çünki son iki il
ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür, - eyni
zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq.
Dövlət proqramları da qəbul ediləcəkdir ki, bu ənənəvi sahələr
Azərbaycanda daha geniş vüsət alsın”.
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda
keçirilən respublika müşavirəsində deyib. Prezident bildirib ki,
Heyydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bütün digər
sahələrdə Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye
potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə
müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi demək olar
ki, çox ağır vəziyyətdə idi:
"Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat
cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi
böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni
zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd
təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da
həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin
perspektivləri çox qaranlıq idi. Ulu öndər Heydər Əliyev
xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq
ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr
tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya,
hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu.
O vaxt əlbəttə ki, bizim böyük maliyyə imkanlarımız yox idi, Azərbaycan
dünyada çox riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə,
ölkəmizi dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşımızda
durmuşdu və biz bu məqsədə nail olduq”.
Ölkə başçısı deyib ki, "Əsrin kontraktı” layihəsi ölkəmizin həyatında
xüsusi rol oynayıb: "Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi
addımlar atılmışdır. Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə
bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf
etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin
göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün
vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa
gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə
imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi
dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq,
bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf
dövrü başlamışdır.
2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox
böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi,
bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci
proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində
bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü
ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki,
tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət
ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində
lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli
inkişaf dövrünü yaşayırıq”.