XəzərXəbər xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. "Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına
yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verdi. Stansiyanın
ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb.
Bu yarımstansiya Zaqatala
rayonunun elektrik təchizatının yaxşılaşdırılması, rayonun elektrik
enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi
tikilib. Əvvəllər 110 kV-luq 2-ci Zaqatala hava xəttindən budaqlanma
vasitəsilə qidalanan 1x6,3 MVA gücündə olan "Bəhmətli” yarımstansiyası
Bəhmətli və digər kəndləri elektrik enerjisi ilə təmin edərkən ciddi
problemlər yaşanırdı. Yarımstansiyanın bir transformatorla qidalanması
elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olurdu.
Bunu nəzərə alaraq, 110 kV-luq 2-ci Zaqatala hava xəttindən qidalanan 1
kilometr uzunluğunda birdövrəli "Bəhmətli” budaqlanması ikidövrəli
budaqlanma xəttinə çevrilərək yenidən qurulub. Yarımstansiyada 2x10 MVA
gücündə yeni transformatorlar quraşdırılıb.
Eyni zamanda, yarımstansiyada 110 və 35 kV-luq açıq paylayıcı şəbəkə
inşa edilib. Həmçinin yarımstansiyadan 35/10 kV-luq "Muğanlı” və 35/6
kV-luq "Qaraçay” yarımstansiyalarını qidalandıran 35 kV-luq Muğanlı hava
xəttinin çıxışı kabellə əvəzlənib. Tam yenidən qurulan
yarımstansiyadakı qurğularda müasir standartlara cavab verən elektrik
avadanlıqları, elektron tipli rele mühafizə və avtomat sistemlər,
yarımstansiyanın məsafədən idarə olunması üçün SCADA dispetçer sisteminə
qoşulmasını təmin edən avadanlıqlar quraşdırılıb. "Bəhmətli”
yarımstansiyası Bəhmətli, Suvagil, Dağlı, Mosul, Yengiyan, Lahıc, Kürdəmir,
Muğanlı, Qandax, Kəpənəkçi, Çüdülübinə kəndlərinin və Əliabad
qəsəbəsinin 9 minə yaxın abonentini keyfiyyətli elektrik enerjisi ilə
təmin edəcək. Bu stansiyadan əlavə Zaqatala EŞ-nin xidməti ərazisində
əvvəllər adı "Ulduz” olan 35/10 kV-luq yarımstansiya tam sökülərək,
yerində müasir tipli qapalı "Danaçı” yarımstansiyası da tikilib.
Dövlətimizin başçısının müəyyənləşdirdiyi "İşıqlı Azərbaycan” layihəsinə
uyğun olaraq "Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi,
şimal-qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və
keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində
genişmiqyaslı tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir.
Zaqatalada inşa edilən 110/35/10 kV-luq "Bəhmətli” yarımstansiyası da bu
istiqamətdə icra edilən layihələrdəndir. Ümumilikdə, son illərdə
"Azərişıq” ASC tərəfindən bu bölgədə çox mühüm işlər görülüb. "Azərişıq”
ASC yaradıldıqdan sonra turizm və kənd təsərrüfatı zonası sayılan
şimal-qərb bölgəsində müasir standartlara cavab verən 110/35/10 kV-luq 4
yarımstansiya tikilib və yenidən qurulub. 35/10 kV-luq yarımstansiyalar
üzrə 3 yarımstansiya istifadəyə verilib, 5 yarımstansiyada isə işlər
yekunlaşmaq üzrədir. Bütün bunlarla paralel olaraq, Şimal-Qərb RETSİ-nin
xidməti ərazisində 287 transformator məntəqəsi quraşdırılıb.
Region üzrə 300 kilometr izolyasiyalı naqil və 310 kilometr naqil
xətləri çəkilib, 27 min yeni dayaq basdırılıb və dəyişdirilib. İki il
ərzində Qax, Qəbələ, İsmayıllı, Şəki və Oğuz
rayonlarında müasir və bir-birindən fərqli memarlıq üslubunda yeni ofis
binaları tikilərək istifadəyə verilib. Əməkdaşların operativ fəaliyyəti
üçün hər cür şərait yaradılan ofis binalarında abonentlərə xidmətin
keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri
xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Şimal-Qərb RETSİ-si üzrə
150-yə yaxın kənd və qəsəbələrdə yenidənqurma işləri aparılıb və
aparılmaqdadır. 8 rayon üzrə ümumilikdə, 7225 yeni sayğac quraşdırılıb,
14025 sayğac yenisi ilə əvəz edilib. Ümumilikdə istismar müddətini başa
vurmuş elektrik şəbəkələrində görülən işlər nəticəsində texniki itkilər
azalıb, elektrik enerjisinin yığımı artıb. "Azərişıq” ASC yaradılandan
sonra Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA
artırılıb. Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Sonda
xatirə şəkli çəkdirildi.