İyulun 30-da İsrailin "Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. XəzərXəbər-in
məlumatına görə, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri
üzrə köməkçisi Novruz Məmmədov Azərtac-a bu yazı ilə bağlı münasibət
bildirib.
Prezidentin köməkçisi deyib:
-Təəssüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının
təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yaymağı
özlərinə peşə hesab edirlər.
İndiyə qədər İsrailin "Haaretz” qəzetində dəfələrlə Azərbaycan
dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar
dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə
qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var.
Belə ki, iyul ayının 30-da İsrailin "Haaretz” qəzetində Prezidentin
ailəsi barədə bütövlükdə yalan məlumat, kiçik olsa da məkrli yazı dərc
olunmuşdur. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin
turizm naziri Yarev Levinə istinad edilməsidir.
Yazıda göstərilir ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi
İsraildə əmlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni
zamanda, guya Prezidentin kiçik oğlu (fikir verin) bu aylarda İsraildə
olub. Amma həqiqət budur ki, Prezidentin oğlu yalnız göstərilən aylarda
yox, ümumiyyətlə İsrailə səfər etməyib.
Bu informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların
reallıqla heç bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların
dərci təəssüf doğurur və eyni zamanda, ölkələrimiz arasındakı
münasibətlərin ruhuna da ziddir.
"Haaretz” qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün
İsrailin turizm naziri Yarev Levinə istinad edir. Hesab edirəm ki, yalan
və böhtan məlumatla bağlı İsrail səfirliyi özünün və nazir Yarev
Levinin mövqeyini bildirməlidir.