Xəzər Xəbər

Ukrayna bu il silah-sursata 4 milyard dollar xərcləyib

Dünya | 17:12 • 18 Aprel 2024
Ukrayna bu il silah-sursata 4 milyard dollar xərcləyib

Ukrayna 2024-cü ildə Qərbin yetərsiz dəstəyi səbəbindən silahlanmaya 4 milyard dollar xərcləyib ki, bu da onun büdcəsinə mənfi təsir göstərib.

Xezerxeber.az xəbər verir ki, Ukraynanın maliyyə naziri Sergiy Marçenko bu barədə özünün sosial media hesabında yazıb.

“Kiyev tərəfdaşların vəd etdiyi qədər mərmi və silah almadığı bir şəraitdə silahlanmaya 4 milyard dollar xərcləyib və bu, büdcəyə mənfi təsir göstərib”, - deyə nazir Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun beşinci dəyirmi masasındakı çıxışının əsas məqamlarını açıqlayıb.

2024-cü ilin əvvəlində maliyyə, silah və sursat çatışmazlığı səbəbindən Ukraynanın çətin vəziyyətə düşdüyünü vurğulayan Sergiy Marçenko bundan sonra Qərbin yardımlarının davamlı olacağına ümidini ifadə edib.

Ukraynada 2024-cü il üçün 43,9 milyard dollar büdcə kəsiri nəzərdə tutulub. Kiyev bunun 37,3 milyard dollarını Qərb tərəfdaşlarının köməyi ilə bağlamağı planlaşdırır. Büdcənin ayda 3 milyard dollarlıq xarici dəstəyə ehtiyacı olduğunu, lakin ilin əvvəlində həmin vəsaitin Ukraynaya çatmadığını, bildirən Sergiy Marçenko, həmçinin Vaşinqtonun Kiyevə maliyyə yardımı məsələsinin hələ də həllini tapmadığını xatırladıb.

Qeyd edək ki, Qərbin 2023-cü ildə Ukraynaya ayırdığı maliyyə yardımının yalnız dörddə biri qrant şəklində təqdim olunur. Maliyyə Nazirliyinin son məlumatlarına görə, 2023-cü ilin sonunda Ukraynanın dövlət borcu ümumdaxili məhsulun 80 faizinə çatıb.

Xəbər lenti

Çox oxunanlar