Xəzər Xəbər

“Foreign Policy Digest”: Fransa Əlcəzairdəki qanlı izlərini silə bilməyəcək

Dünya | 12:48 • 3 Dekabr 2022
“Foreign Policy Digest”: Fransa Əlcəzairdəki qanlı izlərini silə bilməyəcək

ABŞ-da yayımlanan “Foreign Policy Digest” portalında Fransanın Əlcəzairdə törətdiyi soyqırımı ilə bağlı məqalə dərc olunub.

Aşvin Telanqın qələmə aldığı yazıda qeyd olunub: “Əlcəzair qırğınları uzun, mürəkkəb hekayə kimi dərin təhlilə layiqdir. Qısa xülasə isə belədir: 1830-cu ildə fransızlar Əlcəzairdə qəddar hakimiyyət qurdular və müsəlman cəmiyyətini faktiki olaraq müstəmləkə etdilər. Aparteid və Fransanın azlıq idarəçiliyi XX əsrin sonlarınadək əhalini dəhşətə gətirdi. Əlcəzairlilər evlərindən qovuldu və təhsildən məhrum edildi. Fransa hətta onların mədəniyyətini məhv etdi, məscidlərə qarşı müharibə apardı. 1954-cü ildə vəziyyət dəyişdi. İnqilabçı təşkilatlar meydana çıxdı və Milli Azadlıq Cəbhəsi (FLN) demokratiya və Əlcəzairin müstəqilliyini təşviq edən kampaniyaya başladı. Silahlı üsyanlar bütün ölkəni bürüdü, lakin Fransa onları yatırmaq üçün 500 min əsgərlik ordu qurdu. Fransa ordusu yüzlərlə FLN üzvünü öldürüb və ya onlara işgəncə verib. Daha sonra sərhədə tikanlı məftillər çəkərək Əlcəzair vətəndaşlarını tələyə salıb. Nəhayət bir neçə hərbi müdaxilədən sonra Fransa danışıqlara getməyə məcbur oldu və Əlcəzairə müstəqillik verdi. Ümumilikdə təxminən 1,5 milyon əlcəzairli öldü”.

Məqalədə diqqətə çatdırılıb ki, bu il Fransanın törətdiyi qırğının qalıqları qalır və fransızlar əlcəzairliləri təqib etməkdə davam edirlər. Fransanın Əlcəzairdə apardığı 17-dən çox nüvə sınağı nəticəsində 42 min əlcəzairli radioaktivlikdən ölüb və hələ də ölür. 2005-ci ildə Fransa Əlcəzairdə qəddar müstəmləkəçiliyi alqışlayan qanun qəbul etdi. Parisin rəsmi hesabatında Fransanın hərəkətlərini “insanlığa qarşı cinayət” kimi tanımaqdan və “tövbə” sözündən istifadə etməkdən imtina edilib. Fransa tarixi səhvlərini qəbul etməlidir. Bu hərəkətlər Fransa hökumətinin dürüstlüyünü və əxlaqını şübhə altına alır.

Müəllif vurğulayıb ki, Əlcəzair mədəni arxivlərinin qaytarılmasını tələb etdikcə, Paris onların tələblərini rədd edir. Əslində, Fransa müstəmləkə üslubunda mədəni məhvi davam etdirir. Minlərlə kitab, mətn və artefakt Əlcəzairə aiddir, lakin Fransa onları heç bir əsas olmadan gizlədir. Əlcəzairin acınacaqlı tarixi o qədər faciəlidir ki, onu heç vaxt unutmaq olmaz.

Fransa müstəmləkəçilik səhvlərini aşmaq üçün Əlcəzairə maddi təzminat ödəməlidir. Onilliklər ərzində resurs, maliyyə və əmək istismarı zamanı Fransa Əlcəzairin iqtisadi inkişafı hesabına qazanc əldə edib. Bu gün Əlcəzair yoxsulluqdan əziyyət çəkir. Fransa iqtisadi artımı və yoxsulluğun azaldılmasını təşviq etməklə Əlcəzairə olan borcunu qaytara bilər.

Məqalədə bildirilib ki, Fransada prezidentliyə əbədi namizəd Marin Le Pen Əlcəzairə üzrxahlıq edən bəyanatlara qarşı çıxaraq “fransız olmağın qürurunu” üstün tutduğunu deyib. Bir çox digər sağ təmayüllü siyasətçilər də Fransanın vəhşiliklərini inkar edirlər. Le Pen seçkidə uduzsa da, o, təhlükəli dərəcədə çox səs toplayıb. Fransa ictimaiyyətinin irqçi və soyqırımı aktlarına göz yummaq istəyi gələcək üçün problemlidir.

Müəllif sonda yazıb: “Fransanın əlinin qana bulaşdığı heç kimdə şübhə doğurmur. Təəccüblüdür ki, bunları inkar edən fransız siyasətçilər bu gün Rusiya və Çini ittiham edirlər. Əlcəzairdəki qırğınların qurbanlarının ruhları Fransanı əbədi olaraq təqib edəcək”. (AZƏRTAC)

Xəbər lenti