Xəzər Xəbər

"İmpiçment haqqında iş üzrə məhkəmənin başlanması üçün Senatda kifayət qədər səsimiz var"

Dünya | 13:29 • 8 Yanvar 2020
"İmpiçment haqqında iş üzrə məhkəmənin başlanması üçün Senatda kifayət qədər səsimiz var"

ABŞ Senatında çoxluq təşkil edən respublikaçıların lideri Mitç Makkonnell yanvarın 7-də bəyan edib ki, Prezident Donald Trampın impiçmenti üzrə məhkəmə prosesinə demokratların dəstəyi olmadan başlamaq üçün Konqresin Yuxarı Palatasında respublikaçıların kifayət qədər səsi var. Demokratlar isə, öz növbəsində, yeni şahidlər cəlb olunmasını tələb edirlər.


AZƏRTAC xəbər verir ki, Makkonnellin elan etdiyi qaydalara əsasən, əlavə şahidlər çağırmağa ehtiyac olub-olmaması məsələsinə məhkəmə prosesindən əvvəl deyil, məhkəmə araşdırmasının gedişində baxılacaq. Respublikaçıların lideri bildirib ki, Senatda respublikaçıların kifayət qədər səsi olduğuna görə Senat bunun əksinə səs verə bilər. O deyib ki, məhkəmə araşdırmasının birinci mərhələsində ittiham və müdafiə tərəflərinin dəlilləri, həmçinin Respublikaçılar və Demokratlar partiyalarından olan senatorların təqdim etdiyi yazılı dəlillər qəbul ediləcək. Yalnız bu mərhələdən sonra əlavə şahidlər cəlb edilməsi və onların dinlənilməsi məsələsinə baxılacaq. Makkonnell bildirib ki, Senat 20 il bundan əvvəl Prezident Bill Klintonun impiçmenti barədə iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuş presedentə riayət edəcək.


Keçən il dekabrın 19-da Nümayəndələr Palatasının üzvləri impiçment barədə maddələrin qəbul edilməsinə səs veriblər. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi həmin maddələri Senata göndərməyincə məhkəmə prosesi başlana bilməz.


Senatda azlıq təşkil edən demokratların lideri Çak Şumer bildirib ki, məhkəmə prosesinin reqlamentini müəyyən edən və yeni şahidlər çağırmağa imkan verən vahid Senat qətnaməsi qəbul edilməlidir. Demokratlar milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Con Boltonu, həmçinin Ağ evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malveynini məhkəmədə ifadə vermək üçün çağırmaq istəyirlər. Con Bolton bildirib ki, məhkəməyə çağırış vərəqəsi alacağı təqdirdə ifadə verməyə razıdır.

Xəbər lenti