Xəzər Xəbər

Peskov Ukraynanın “Ştaynmayer formulu”na razılıq verməsinə münasibət bildirib

Dünya | 15:31 • 2 Oktyabr 2019
Peskov Ukraynanın “Ştaynmayer formulu”na razılıq verməsinə münasibət bildirib

"Kremldə Ukraynanın "Ştaynmayer formulu”na razılıq verməsini müsbət hal kimi qiymətləndirirlər”.


APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.


Onun sözlərinə görə, bu fakt "Minsk-2” razılaşmasının həyata keçirilməsi yolunda irəliləyişə ümid verir: "Bu fakt Ukrayna münaqişəsinin nizamlanması üçün yeganə mümkün yoldur”.


D. Peskov Normandiya formatında sammitin keçirilməsi tarixinin yaxın vaxtlarda açıqlanacağına ümid etdiyini qeyd edib: "Ştaynmayer formulu"na razılıq dünən verilib. Ona görə də indi bütün maraqlı tərəflər və nümayəndələr sammitin keçirilməsi perspektivləri üzərində çalışacaq. Ümid edirik ki, yaxın vaxtlarda sammitin keçirilməsi tarixinə aydınlıq gətiriləcək”.


Qeyd edək ki, Almaniyanın keçmiş Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbass regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair "Ştaynmayer formulu”na razılıq verib.

Xəbər lenti