Xəzər Xəbər

ABŞ və Türkiyə arasında ticarət həcmi 100 milyard dollara çatdırılacaq

Dünya | 18:18 • 7 Sentyabr 2019
ABŞ və Türkiyə arasında ticarət həcmi 100 milyard dollara çatdırılacaq

Ankarada ABŞ və Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması müzakirə olunub. 


Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə paytaxtında səfərdə olan ABŞ-ın Ticarət naziri Uilbur Ross ilə türkiyəli həmkarı Ruhsar Pekcan arasında keçirilən geniştərkibli görüşdə ikitərəfli ticarət əlaqələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


R.Pekcan bildirib ki, əsas hədəf iki ölkənin ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasıdır. O əlavə edib ki, Türkiyənin Birləşmiş Ştatlara ixrac edəcəyi potensial məhsullar arasında mülki aviasiya, avtomobil sənayesi, həmçinin zərgərlik, mebel, toxuculuq məhsulları ola bilər.


Tərəflər əmtəə dövriyyəsi üçün şəraitin daha da yaxşılaşdırılması, özəl şirkətlərin dəstəklənməsinin zəruriliyini də vurğulayıblar. Türkiyəli nazir ABŞ-ın türk mallarına tətbiq etdiyi rüsumların azaldılması ilə bağlı da amerikalı həmkarına müraciət edib.


Uilbur Ross Türkiyədə iri şirkətlərin rəhbərləri ilə görüşlər də keçirib.

Xəbər lenti