Xəzər Xəbər

Yaponiyanın Aomori prefekturasında F-35 qırıcısı qəzaya uğrayıb

Dünya | 12:23 • 10 Aprel 2019
Yaponiyanın Aomori prefekturasında F-35 qırıcısı qəzaya uğrayıb

Yaponiya özünümüdafiə qüvvələri Aomori prefekturasında F-35A qırıcısının qəzaya uğradığını təsdiq edib. Qırıcının dənizə düşdüyü bildirilir.


AZƏRTAC Yaponiya özünümüdafiə qüvvələrinin yaydığı məlumata istinadla xəbər verir ki, qırıcı aprelin 9-da bu tipdən olan digər üç qırıcı ilə təlim uçuşları keçirirmiş. Bildirilir ki, təyyarə ilə əlaqənin kəsilməsi ərəfəsində pilot tərəfindən hər hansı bir problem barədə məlumat daxil olmayıb. Uçuş zamanı digər qırıcıların pilotları ilə əlaqə yaradan qəzaya uğramış qırıcının pilotu missiyasını başa vurduğunu deyib. Hazırda pilotun axtarışları davam etdirilir.


Yaponiyanın şimalında yerləşən Misava aviabazasında 13 ədəd F-35A qırıcısı yerləşdirilmişdi.


Müdafiə naziri Takeşi İvaya aprelin 10-da bildirib ki, hava qüvvələri qərargahı yanında fəaliyyət göstərən istintaq komitəsi qəzanın səbəblərini araşdırır.


Qeyd edək ki, F-35A təyyarələri Yaponiya hərbi hava qüvvələrinin növbəti qırıcılarının aparıcı nəsli hesab olunur.

Xəbər lenti