Xəzər Xəbər

Malayziya XİN Camal Kaşıkçı ilə bağlı təhqiqatın başa çatdırılmasına qədər gözləməyə çağırıb

Dünya | 08:58 • 22 Oktyabr 2018
Malayziya XİN Camal Kaşıkçı ilə bağlı təhqiqatın başa çatdırılmasına qədər gözləməyə çağırıb

Malayziya hökuməti Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı fikir bildirmək üçün tələsməməyə, təhqiqatın başa çatdırılmasına qədər gözləməyə çağırıb.


AZƏRTAC BERNAMA agentliyinə istinadla xəbər verir ki, bu barədə oktyabrın 21-də Malayziyanın xarici işlər naziri Sayfuddin Abdulla bəyanatla çıxış edib.


Nazirin sözlərini sitat gətirən agentlik yazır: "Biz Səudiyyə Ərəbistanı ilə dost ölkə olaraq qalırıq və əlaqələrimiz çox möhkəmdir”. S.Abdulla qeyd edib ki, belə vəziyyətdə tələsmək lazım deyil, əksinə hadisənin təfərrüatları tam aydınlaşdırılanadək təhqiaqatın başa çatdırılmasını gözləmək lazımdır.


Xatırladaq ki, Ər-Riyada qarşı tənqidi fikirləri ilə seçilən C.Kaşıkçı oktyabrın 2-də sənədlərini götürmək üçün krallığın İstanbuldakı baş konsulluğuna gedib. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının hökumət orqanları jurnalist ilə konsulluq əməkdaşları arasında baş verən mübahisə zəminində onun həlak olduğunu təsdiq ediblər. Qətllə əlaqədar krallığın 18 əməkdaşı həbs edilib. Səudiyyə Ərəbistanının kralı kəşfiyyatın yüksək vəzifəli şəxslərinin işdən azad edilməsi barədə sərəncam imzalayıb, hazırda istintaq davam edir.


Bununla yanaşı, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən birgə istintaq qrupu yaradılıb. Türkiyəli müstəntiqlər diplomatik nümayəndəlikdə, xidməti avtomobillərdə axtarış aparıblar. Səudiyyə Ərəbistanının Baş prokurorluğu da kralın tapşırığına əsasən daxili təhqiqata başlayıb.

Xəbər lenti