ABŞ prezidenti Donald
Tramp Ali Məhkəmənin təqaüdə çıxan hakimi Entoni Kennedinin yerinə Brett
Kavanonun namizədliyini irəli sürüb. Gözlənildiyi kimi, yeni hakimin namizədliyi elan ediləndən sonra onu bu vəzifəyə təsdiq edəcək Senatda cüzi üstünlüyə malik olan Respublikaçılar partiyası artıq indidən Demokratlar tərəfindən sərt müqavimətlə üzləşiblər.
ABŞ Senatında
demokratların lideri Çak Şumer bəyanat yayaraq, digər senatorları
Kavanonun namizədliyini bloklamağa çağırıb. Onun bu təyinatı müəyyən
qüvvələrin xeyrinə işləyəcək və Ali Məhkəmədə balansı dəyişəcək.
Həmçinin, Kavanonun təyinatı ilə milyonlarla amerikalının əmək,
vətəndaşlıq və insan hüquqları ələrindən alınacaq.
Lakin Tramp bəyan edib ki, Brett Kavano ABŞ qanunlarını ən yaxşı formada tətbiq edəcək insandır.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi hakimlərinin namizədliyi Konqresin yuxarı palatası Senat tərəfindən təsdiq edilməlidir. Hazırda Senatda
respublikaçıların 51, demokratların isə 49 səsi var. Demokratlar
ehtiyat edir ki, Ali Məhkəmədə daha bir mühafizəkar hakimin mövcudluğu
hakimiyyətin üçüncü və ən müstəqil qolunda balansı respublikaçıların
xeyrinə dəyişdirəcək. Çünki Ali Məhkəmə ABŞ
siyasi və ictimai həyatındakı debatlarda önəmli rol oynayır, qanunlara
əhəmiyyətli təsir göstərir. Son 2 ildə məhkəmənin qərarı ilə eynicinsli
nikahlar qanuniləşdirilib, Obama dövründə Ağ Evin miqrantlarla bağlı
sərəncamlarından şikayət vermək hüququ təsbit edilib, həmçinin Trampın
immiqrasiya ilə bağlı fərmanının qanuniliyi təsdiqlənib. Ali Məhkəmənin 9
hakiminin hamısının ömürlük təyin edilməsi isə, namizədlik məsələsinin
respublikaçılar və demokratlar arasında qızğın mübahisələrinə səbəb olur
və ABŞ daxili gündəminin ən vacib mövzularından birinə çevrilir.
Xatırladaq ki, Trampın hakimliyə irəli sürdüyü namizəd Brett Kavano ABŞ-ın
və dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan Yel universitetində
hüquq təhsili alıb. Ata və anası da hüquqşünasdır. Harvard, Yel və
Corctaun kimi tanınmış universitetlərdə hüquqdan dərs deyən 53 yaşlı
Kavano sabiq prezident Corc Buşun məsləhətçisi olub. O həmçinin, yalan danışdığına görə sabiq prezident Bill Klintonun vəzifəsindən uzaqlaşdırılmasını təklif edən qanun layihəsini hazırlayan hüquqşünaslardan biridir. /publika.az