İran prezidenti Həsən
Ruhani bəyan edib ki, əgər ABŞ öz müttəfiqlərinə təzyiq edərək Tehrandan
xam neft almamağı tələb edərsə, o zaman regionda neft ixracına ciddi
maneə və təhdidlər yarana bilər. "Reuters” xəbər verir ki, bu barədə Ruhani İsveçrəyə səfəri zamanı deyib.
"Amerikalılar iddia edirlər ki, İranın
neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu
bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu
halda, İran
neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur.
Əgər siz (amerikalılar – red.) bacarırsınızsa bunu edin (İranın neft ixracını dayandırmağı nəzərdə tutut – red.) və nə ilə nəticələnəcəyini görün”, – deyə Ruhani ABŞ-ı təhdid edib.
Ehtimal olunur ki, Ruhani bu sözlərilə İranın Hörmüz boğazını bağlayacağına eyham vurub. Bu isə ABŞ
və onun körfəz müttəfiqləri üçün ciddi maneə və təhdiddir. Çünki Oman
körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli
boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə
dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm
nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı
vasitəsilə daşınır. Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft
və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.
Xatırladaq ki, ABŞ administrasiyası sanksiyalarla əlaqədar olaraq, müttəfiq və digər ölkələrdən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını istəyir. /azvision.az