Fransanı hökumət
əleyhinə etiraz aksiyaları bürüyüb. Ölkə üzrə keçirilən 140 etiraz
aksiyasının iştirakçıları büdcədən sosial xərclərə ayrılan vəsaitin və
iş yerlərinin azaldılmasına qarşıdırlar. Sadə vətəndaşların etirazına dövlət işçiləri də
qoşulub. Onlar Fransa prezidenti Emmanuel Makronun apardığı islahatları
pisləyirlər. Etiraz aksiyalarına ölkə üzrə 139 mindən çox insan qatılıb.
Təkcə paytaxt Parisdə 16 min etirazçı küçələrə axışıb. 20-ə yaxın
etirazçı isə həbs olunub.
Etirazçılar dövlət orqanlarının, məktəb, xəstəxana və hava
kommunikasiyasının işinə mane olublar. Aksiyaları dağıtmaq üçün Fransa
polisi güc tətbiq edərək, gözyaşardıcı qaz və səsli bombalardan istifadə
edib. Aksiyalardakı qarşıdurmada onlarla etirazçı yaralanıb. Polisin
atdığı qumbara nəticəsində bir nəfər qolunu itirib.
Qeyd
edək ki, artıq bir neçə dəfədir Fransadakı həmkarlar ittifaqları
prezident Emmanuel Makronun islahatlarına qarşı etirazlar təşkil edir.
Bu dəfəki etirazlar isə dəmiryolu işçilərinin kütləvi tətilindən 2 gün
sonra olub. İşçiləri hiddətləndirən isə, hökumətin bir sıra faydalardan
onları məhrum etmək və dəmiryolu işçilərinin xüsusi statusunu ləğv etmək
barədə planlarıdır./azvision.az