Xəzər Xəbər

Avstriyada qastronomiyada tütün məhsullarını qadağan edən qanun ləğv olunub

Dünya | 14:56 • 23 Mart 2018
Avstriyada qastronomiyada tütün məhsullarını qadağan edən qanun ləğv olunub

2015-ci ildə Avstriya Milli Şurası (parlament) tərəfindən qəbul edilmiş qastronomiya obyektlərində tütün məmulatlarının qadağan olunmasını nəzərdə tutan qanun ləğv olunub.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 22-də Milli Şurada keçən qızğın debatlardan sonra yeni hakimiyyətə gəlmiş, Avstriya Xalq Partiyası (ÖVP) ilə Avstriya Azadlıq Partiyasının (FPÖ) koalisiyasından ibarət hökumətin təqdimatı ilə bu il mayın 1-dən etibarən qüvvəyə minməli olan qanun ləğv edilib.


Yeni qaydalara görə, yaşı 18-dək olan yeniyetmələrə siqaret satışı qadağan edilib və nəqliyyat vasitələrində yaşı 19-dək şəxslərin yanında siqaret çəkən şəxslərə cərimə tətbiq ediləcək.


Parlamentin iclasında çıxış edən müxalifət partiyalarının təmsilçiləri Avropada və dünyanın müxtəlif ölkələrində qastronomiya obyektləri və ictimai yerlərdə tütün məhsullarından istifadənin tədricən qadağan edildiyi, müxtəlif ölkələrin cəmiyyətində bu istiqamətdə irəliləyişlərin əldə olunduğu bir vaxtda Avstriyada belə bir mütərəqqi qanunun ləğv edilməsini rüsvayçılıq kimi dəyərləndiriblər.


Koalisiyalı hökuməti təşkil edən partiyaların nümayəndələri isə insanların sərbəst seçim haqqının onların əlindən alınmasının yolverilməz olduğunu əsas gətirərək, qanunun ləğv olunmasını müdafiə ediblər. Çıxış edənlər onsuz ölkədəki əksər qastronomiya obyektlərində siqaret çəkən və çəkməyənlər üçün ayrı-ayrılıqda otaqların mövcud olduğunu bildiriblər.


Qeyd edək ki, 2015-ci ildə Avstriya parlamentində koalisiyalı hökuməti təşkil edən Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Avstriya Xalq Partiyası (ÖVP) Yaşıllar Partiyasının dəstəyi ilə tütün məhsullarının qastronomiya obyektlərində qadağan edilməsinə dair qanun layihəsinin qəbulu üçün tələb olunan üçdə iki səs çoxluğunu əldə edə bilmişdilər.


Qanunun ləğv olunmasına etiraz edənlər isə ölkədə "Don´t Smoke” adlı kampaniya keçirirlər. 540 mindən artıq şəxsin imzaladığı kampaniyanın hədəfi bu gün Milli Şurada ləğv olunmuş qanunun yenidən qüvvəyə minməsi üçün ümumxalq səsverməsinə nail olmaqdır.

Xəbər lenti