Xəzər Xəbər

İslam ölkələrində baş verən münaqişələr xarici müdaxilələrin nəticəsində meydana gəlib - Həsən Ruhani

Dünya | 15:18 • 16 Yanvar 2018
İslam ölkələrində baş verən münaqişələr xarici müdaxilələrin nəticəsində meydana gəlib -

Bu gün Tehranda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 13-cü konfransının rəsmi açılışı olub. Açılış mərasimində İran Prezidenti Həsən Ruhani çıxış edib.

H.Ruhani bildirib ki, bu gün İslam ölkələrində baş verən münaqişələr xarici müdaxilələrin nəticəsində meydana gəlib. Prezident İslam dövlətlərinə müraciət edərək bildirib ki, qarşılıqlı ittihamları və ədavəti bir kənara buraxıb səmimi əməkdaşlıq etməyin vaxtı çatıb. Bölgədə aparılan silahlı münaqişələr inkişafın və tərəqqinin qarşısını alır. Münaqişə edən tərəflərə silah satan böyük qüvvələr iri məbləğdə pul qazanırlar. Silah satışını davam etdirmək və bölgədə hegemonluq etmək üçün kənar qüvvələr İslam dövlətlərinin daxili işlərinə müdaxilə edirlər. Bunun qarşısını birlik və səmərəli əməkdaşlıqla almaq olar.

H.Ruhani qeyd edib ki, müsəlmanlar arasında meydana gələn anlaşılmazlıqları kənar müdaxilələr olmadan da həll etmək mümkündür. Müsəlmanların ixtilafına kənardan müdaxilə edənlər heç də müsəlmanların və İslamın qayğısına qalaraq müdaxilə etmirlər. Müdaxilə edib vəziyyəti daha da qızışdırıb öz maraqlarını güdürlər.

Sonra İran parlamentinin sədri Əli Laricanı çıxış edərək İslam dövlətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament sədrləri çıxış etdilər.

Tədbirdə 44 İslam ölkəsinin parlament sədri iştirak edir.

Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatları Mirkazım Kazımov və Gövhər Baxşaliyeva təmsil edirlər. (AZƏRTAC)

Xəbər lenti