Xəzər Xəbər

Azərbaycanlı iş adamının oğurlanması ilə bağlı Ukrayna DİN-in qarşısında aksiya keçirilib - FOTO

Dünya | 17:44 • 10 Yanvar 2018
Azərbaycanlı iş adamının oğurlanması ilə bağlı Ukrayna DİN-in qarşısında aksiya keçirilib -

Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili işlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçiriblər.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları 2017-ci il dekabrın 11-də axşam saat 19:00 radələrində Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayevin axşam işdən dönərkən yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanması və bu cinayətin üstünün açılmamasına etiraz ediblər.

 

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 4 ildə azərbaycanlı iş adamlarının və onların övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini, cinayətkarların həbs olunmasını tələb ediblər. Ukraynanın müxtəlif  vilayət və şəhərlərindən  yüzlərlə diaspor fəallarının qatıldığı etiraz  aksiyasında "Cinayətkarlar cəzalandırılsın!”, "Azərbaycanlılara qarşı təqiblərə son qoyulsun!”, "Avakov azərbaycanlılara qarşı cinayətlərə göz yumma!” "Ukrayna kriminal ünsürlərdən təmizlənsin!”  şüarları səsləndirilib. Aksiyada diaspor fəalları çıxış edərək son illər  Ukraynada azərbaycanlı iş adamlarının, tələbələrin və  Azərbaycan şirkətlərinə məxsus yük avtomobillərinin oğurlanma faktlarının kütləvi hal almasından  və bu cinayətlərlə bağlı dəfələrlə Ukraynanın müvafiq güc strukturlarına, xüsusən də daxili işlər naziri Arsen Avakova  müraciət olunmasına baxmayaraq, bu  cinayət hadisələrinə biganə münasibət bəsləməsinin  kökündə milli  faktorun durduğunu bildiriblər. Ukrayna  Daxili İşlər Nazirliyini fəaliyyətsizlikdə günahlandıran aksiya iştirakçıları 2017-ci il dekabr ayının 11-də axşam saat 19:00 radələrində evlərinə gedərkən yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən güc tətbiq edilərək oğurlanmış iş adamı Hikmət Abdullayevin hələ də girovluqda saxlanıldığını, bununla bağlı Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən ölkə prezidentinə, daxili işlər nazirliyinə, baş prokurorluğa və milli təhlükəsizlik xidmətinə müraciət olunmasına baxmayaraq quldur dəstə haqqında heç bir ölçü götürülmədiyini bildiriblər.

 

Etiraz mitinqi iştirakçıları adından Ukrayna Daxili İşlər Nazirliyinə ünvanlanmış qətnamənin  oxunması ilə başa çatıb. Qətnamədə  bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən dövr ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, baş vermiş cinayət işlərinin heç birinin üstü açılmayıb.

 

İki saat davam edən etiraz aksiyasından sonra Ukrayna Milli Polisinin müavini  Dimitro Kravçenko Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədovu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanı və oğurlanan iş adamı Hikmət Abdullayevin oğlunu qəbul edərək baş vermiş cinayət hadisəsinin ciddi nəzarətə götürüldüyünü, artıq cinayətkar qruplaşmanın izinə düşüldüyünü bildirib.

Xəbər lenti