Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.
2017-cı
il Nobel Sülh Mükafatı "Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq
kampaniya” (İCAN) təşkilatının İcraçı direktoru Beatrice Fihnə təqdim
edilib.
Fizika sahəsində
builki Nobel Mükafatı LIGO detektorunun inkişafına verdiyi həlledici
töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı
alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Törneyə verilib.
Kimya
üzrə Nobel Mükafatına müvafiq olaraq, məhlulda biomolekulların yüksək
həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün
kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə -
alman əsilli amerikan Yoakim Frank, isveçrəli Jak Duboşey və
britaniyalı Riçard Handerson layiq görülüblər.
Fiziologiya və
təbabət sahəsi üzrə Nobel Mükafatları amerikalı Ceffri C Hall, Maykl
Rosbaş və Maykl Yanga təqdim edilib. Onlar bu mükafatı "hüceyrə saatı”
adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar
mexanizmlərin tədqiq olunmasına görə alıblar.
Ədəbiyyat sahəsində Nobel Mükafatına isə yapon əsilli britaniyalı yazıçısı Kadzuo İşiquro layiq görülüb.
İqtisadiyyat
üzrə Nobel mükafatı "davranış iqtisadiyyatı” sahəsində tədqiqatlarına
görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Thalerə verilib.
Üzərində
Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç
kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı laureatlara
Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Mükafatlandırma
mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib.
Sonda Nobel Mükafatı laureatları və qonaqlar üçün rəsmi ziyafət verilib. (AzərTAc)