Xəzər Xəbər

Putinin Dağıstana göndərdiyi general kimdir? - DOSYE

Dünya | 13:56 • 4 Oktyabr 2017
Putinin Dağıstana göndərdiyi general kimdir? -

Vladimir Putin "Vahid Rusiya” partiyasının Dumadakı fraksiya rəhbəri, polis general-polkovniki Vladimir Vasilyevi Dağıstanın müvəqqəti rəhbəri təyin edib. Vasilyev siyasi kareyrasını Boris Qrızlovun (keçmiş spiker və daxili işlər naziri) yanında başlayıb və o, uzun illər Putinin Təhlükəsizlik Şurasında müavin səlahiyyətlərini icra edib.

Rusiyanın bir sıra KİV-ləri Vasilyevin namizədliyinin güc strukturlarının dəstəklədiyini yazıb. Putinə namizədlərə bağlı təqdim olunan ilk siyahıda Vasilyevin adı olmasa da, sonradan məhz onun namizədliyi dəstəklənib.

Prezident Administrasiyasındakı mənbələr Dağıstanın xüsusi region olduğunu nəzərə alaraq, namizədlərə sərt şərtlər qoyulduğunu bildirir.

"Qafqaza göndərilən şəxs hörmətli olmalıdır. Gənc texnokratlar burada uğur qazana bilməz”-deyə mənbə bildirib.


Vladimir Vasilyev Dövlət Dumasına Daxili İşlər Nazirliyindən gəlib. 1972-ci ildə Nazirliyin sıravi əməkdaşından nazir müavini postuna qədər yüksəlib. O, Şimali Qafqaza Çeçenistan münaqişəsi ilə bağlı bir neçə dəfə gedib.

Vasilyev 1999-cu ildə Vladimir Ruşaylo daxili işlər naziri təyin olunduqdan sonra daxili işlər nazirinin müavini, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi postundan ayrılıb.

Vasilyevin növbəti iş yeri Rusiya Təhlükəsizlik Şurası olub və şuraya Putin rəhbərlik edən zaman onun müavini işləyib. 2001-ci ildə isə o, yenidən daxili işlər orqanlarına dönüb. Həmin vaxt nazir səlahiyyətlərini icra edən Boris Qrızlov Dumaya spiker seçildikdən sonra 2003-cü ildə Vasilyevin də siyasi karyerası başlayıb.

Tver vilayətindən deputat seçilən Vasilyev Dumanın Təhlükəsizlik Komitəsinin sədri, sonralar isə vitse-spiker təyin olunub. Parlamentdə diskussiyalar zamanı özünü sərt şəkildə aparan Vasilyevin Dağıstanda sosial-iqtisadi duruma və daxili stabilliyə xüsusi diqqət yetirəcəyi gözlənilir.

68 yaşlı Vasilyev Sovet dövründən bəri Dağıstana rəhbərlik edəcək ilk qeyri-dağıstanlı sayılır. Moskva vilayətində doğulan və Moskvada təhsil alan general Vasilyev Putinlə görüş zamanı Dağıstanda çətin vaxtlarda işlədyini xatırladıb.

İnquşetiya rəhbəri Yunusbəy Yevkurov və Çeçenistan lideri Ramzan Kadırovla sıx dostluq münasibətlərində olan Vasilyev Dağıstandakı heç bir klanla bağlı olmadığı üçün bu posta ən ideal namizəd sayılır. Eskpertlərin fikrincə, Putinin son təyinatı yaxın illərdə daxili silahlı qarşıdurmalardan yorulmuş region üçün müsbət təsir göstərəcək. (Modern.az)

Xəbər lenti

Çox oxunanlar