Xəzər Xəbər

Küçələrdə quraşdırılan su aparatları – Təmizləyir, yoxsa bizi aldadırlar?

Cəmiyyət | 12:43 • 23 Aprel 2022
Küçələrdə quraşdırılan su aparatları – Təmizləyir, yoxsa bizi aldadırlar?

Son zamanlar Bakıda xüsusilə də çoxmərtəbəli binaların qarşısında yeni aparatlar peyda olub. Bu aparatlar ümumi su xəttinə qoşulub və 10 qəpik qarşılığında 1 litr su verir. Aparatı qoyanlar iddia edirlər ki, həmin su kifayət qədər təmiz, keyfiyyətlidir.

Ancaq bəzi insanlar düşünürlər ki, ümumi su xəttinə qoşulan bu aparatlara güvənmək olmaz.
 
Mövzu ilə bağlı Musavat.com-un əməkdaşı araşdırma edib:
 
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Musavat.com-a açıqlamasında deyib ki, bu aparatları qoyan şirkət özəl şirkətdir və həmin şirkət onlardan texniki şərt alıb, aparatları quraşdırır.
 
Bəs bu aparatların işləmə prinsipi necədir? Vətəndaşlar bu aparatlardan necə istifadə edə bilər?
 
Aparat haqqında məlumatlarda göstərilib ki, bu, mərhələli təmizləmə sistemi ilə suyu sağlamlığımız üçün faydalı olan duzlar və minerallarla lazımi səviyyədə minerallaşdırır və ozonlaşdırır.
 
İstifadə qaydası isə çox asandır. 1 litr su 10 qəpik təşkil edir. Məbləği daxil etdikdən sonra butulkanı və ya hər hansı bir qapı aparata daxil edirsiz, 1 litr su gəldikdən sonra ( məbləğdən asılı olaraq suyun həcmi də dəyişir) aparat suyun verilişini dayandırır.  
 
Mövzu ilə bağlı yoluxucu və qaraciyər xəstəlikləri üzrə mütəxəssis Mərdan Əliyev açıqlamasında bildirib ki, filtr aparatları suyun tərkibində olan və insan orqanizminə zərərli olan mikroorqanizmləri, artıq mineralları təmizləyir.
 
"Həmin filtrlər insan orqanizminə faydalı olmayan metalları, bakteriya və mikroorqanizmləri təmizləyir. Bu, təbii ki, orqanizm üçün faydalıdır. Amma həmin aparatlar üçün müəyyən şərtlər var. Filtrlər daima təmizlənməli və vaxtaşırı dəyişilməlidir. Eyni zamanda suyun mineral dərəcəsini ölçən aparatla həmin suların təmizliyi ölçülməlidir. Əgər dərəcə normal vəziyyətdədirsə, bir daha qeyd edirəm ki, həmin sular içilə bilər və heç bir problem olmaz”,- deyə o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar