Xəzər Xəbər

Koronavirus xəstələrinin qidalanmasına dair təlimat hazırlanıb

Cəmiyyət | 17:17 • 20 Avqust 2021
Koronavirus xəstələrinin qidalanmasına dair təlimat hazırlanıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələrin qidalanmasına dair təlimat hazırlanıb. Təlimatın yaxın günlərdə müvafiq xəstəxanalara paylanılması nəzərdə tutulub.

Xezerxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

Bildirib ki, koronavirus xəstələrinin qida rasionu immun sistemini gücləndirməyə əsaslanmalıdır: “Qida menyusu xəstəliyin müəyyən mərhələləri üçün fərqli tərtib edilir. Koronavirus xəstələrinin xəstəxana şəraitində müalicəsi zamanı parenteral və enteral qidalanma növlərindən istifadə edilir. Oral qidalanma mümkün olmadıqda, xəstə ya zond, ya da müxtəlif vitamin və minerallarla zəngin “kokteyl”lərin venadaxili yeridilməsi vasitəsilə qidalandırılır. Ölkədə COVID-19-a yoluxmuş xəstələrin stasionar şəraitdə qidalanma qaydalarına tam riayət olunur. Evə buraxılan xəstələrə isə qidalanmaya dair təlimat kitabçaları təqdim edilir. Biz həkimləri və vətəndaşları təlimatlandırmağa çalışırıq. Koronavirus xəstələrinə isə bol meyvə-tərəvəzdən istifadə etmək məsləhət görülür. Həmçinin zülal tərkibli qidalar immun sisteminin gücləndirdiyinə görə qida rasionuna daxil edilməlidir. Müalicəvi qidalardan istifadə etmək lazımdır. Təəssüf ki, bəzən vətəndaşlar koronavirus əleyhinə peyvənd vurdurduqdan sonra allergiya yaradacaq qida qəbul edir və nəticədə yaranmış allergik reaksiyanı vaksinlə əlaqələndirirlər. Vaksinasiyadan sonra şokolad və spirtli içkinin qəbulu ümumiyyətlə məsləhət görülmür”.

Xəbər lenti