Xəzər Xəbər

Açıq havada maska rejiminə qayıda bilərik - komitə sədri

Başqa məhdudlaşdırma tədbirləri...
Cəmiyyət | 10:29 • 5 Avqust 2021
Açıq havada maska rejiminə qayıda bilərik - komitə sədri

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarının sürətlə artması əhali arasında narahatlığa səbəb olub. Belə ki, insanlar yoluxmanın artması ilə yenidən karantin qaydalarının sərtləşəcəyini düşünürlər.

İndi ən çox verilən suallar məhz bunlardır: Yoluxmalar yenidən niyə artır? Bunun qarşısını necə ala bilərik? Artım qapanmalara gətirib çıxara bilərmi?

Bu, dalğavari prosesdir, arta da bilər, azala da...

Xezerxeber.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev modern.az-a açıqlamasında insanları düşündürən suallara aydınlıq gətirib. O hesab edir ki, ölkə üzrə yoluxmanın artması karantin rejiminin yumşaldılması ilə əlaqədardır: "Ölkəmizdə karantin rejiminin müəyyən qədər yumuşaldılmasının şahidi olduq. İnsanlar yay dövründə daha çox açıq havada olduqları üçün maska istifadəsindən imtina etdilər. Hansı ki maska rejimi açıq havada qəti şəkildə olmasa da, tövsiyyə edilirdi. Digər tərəfdən toyların başlanması, restorantlarda kütləvi şəkildə tədbirlərin keçirilməsi, idman zallarının açılması və turizm sezonunun başlanması ilə əlaqədar rayonlara gediş-gəlişin bərpası yoluxmanın artmasını şərtləndirdi. Eyni zamanda, bu, dalğavari prosesdir, arta da, azala da bilər".

Açıq havada maska rejiminə keçməliyik...

Komitə sədrinin sözlərinə görə, yoluxma hallarının qarşısını almaq üçün açıq havada maska rejiminə qayıda bilərik: "Mən bu məsələlərə optimist baxıram. Düşünürəm ki, bizim daha ciddi karantin rejiminə ehtiyacımız olmayacaq. Bir şərtlə, həm vaksinasiya prosesini, həm də maarifləndirmə işini gücləndirək. Hesab edirəm ki, payıza yaxın açıq havada maska rejiminə keçməliyik. Başqa məhdudlaşdırma tədbirləri gözləmirəm".

Xəbər lenti