Xəzər Xəbər

Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq

Cəmiyyət | 17:41 • 16 Mart 2021
Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq

Azərbaycan azsulu ölkələrdən biridir. Ölkəmizin suya olan tələbatının 70 faizi kənardan formalaşır. Respublikamızın su ehtiyatının çox hissəsi azad edilmiş ərazilərdədir. Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı monitorinqlər gedir. Mənfur qonşularımız transsərhəd çaylar və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiyaların üzvü deyil və heç bir məsuliyyət daşımırlar. Onlar üzv olduqları konvensiyaların da şərtlərinə riayət etmirlər.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O həmçinin deyib: “Onlar mənfur xislətlərindən qalmadan təbiətimizi və çaylarımızı çirkləndirilər. Bununla bağlı monitorinqlər gedir, ilkin araşdırmaların nəticələri də var. Beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Nazir müavini bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində müharibə dövründə qadağan olunmuş̧ silahların torpağa vurduğu ziyanla da bağlı araşdırmalar davam etdirilir: “Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan Qərargahın işçi qruplarından biri də ekologiya məsələlər ilə bağlıdır. İşçi qrupunun tədbirlər planında həmin məsələ öz əksini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu bu məsələ ilə bağlı müvafiq monitorinqlər keçirirlər. Ötən həftə işğaldan azad edilmiş ərazilərdə olan ekspedisiya üzvləri qayıdıblar. İlk olaraq prosesə Zəngilandan başlanılıb. Növbəti mərhələdə digər ərazilərdə də monitorinqlər keçiriləcək”.

Xəbər lenti