Xəzər Xəbər

Bakıda toylara dəvət gəlməyə başladı

Cəmiyyət | 10:51 • 3 Mart 2021
Bakıda toylara dəvət gəlməyə başladı

Bakıda 40-50 nəfərlik toyların başlaması haqda səhih xəbərlər var. Bildirilir ki, bu toylara əsasən qadınlar dəvət edilir, ancaq gəlin tək olmalıdır. Üstəlik, gəlinlik geyinilməsi nədənsə qadağandır.

Şairə-tamada Nazilə Səfərli də Musavat.com-a son açıqlamasında bildirib ki, 150 nəfərlik toya dəvət edilib: “Xəbərçilik olmasın, məni toya dəvət edirlər. Fevralın 27-də isə xına mərasiminə dəvət etmişdilər, getmədim. Bu ayın 15-də şadlıq evlərinin birində xına olacaq, yenə də getməyəcəm. Özü də dedilər ki, 150 nəfərlə keçiriləcək. Dedim ki, xanım, heç olmasa evdə 10 nəfərlik bir məclis olsaydı, bəlkə də düşünərdim.

Amma 150 nəfərlə məclis keçirmək artıq dövlətin qanunlarına qarşı getmək deməkdir. Oradan alacağım pulu aparıb cəriməyə verəcəm, özüm də hörmətdən düşəcəm. Bu, axı nəyimə lazımdır?”

Xatırladaq ki, ötən ilin mart ayının 15-dən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahə ilə bağlı məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etmir. Lakin ara-sıra kimlərinsə gizlin şəkildə olsa belə həm toy, həm də nişan məclisləri keçirdiyi haqda məlumatlara rast gəlirik. Bəs toylar qanunsuz da olsa başladımı?

Məsələ ilə bağlı müğənnilərə toylara dəvət alıb-almadıqları haqda sual verdik.

Əməkdar artist Elza Seyidcahan qeyd etdi ki, toylara dəvət alıb: “Bu, günlərdə iki yeni, ”Kəlbəcərim" və “Sarı gəlin” xalq mahnısının ikinci baharı olan “Mehriban gəlin” adlı mahnılarım çıxıb. Bu mahnılarla bağlı məni bir neçə toya dəvət ediblər. Lakin hazırda başım vətənpərvər layihələrə qarışıb, yalnız onların üzərinə işləyirəm".

Müğənni Nadir Qafarzadə isə qeyd etdi ki, bir il ərzində toy məclisi ilə bağlı ona bir nəfər olsun belə müraciət etməyib: “Bir ilə yaxındır ki,  toyla bağlı zəng edən olmur. İnsanlar çaşbaş qalıb. Bəzən gələcəkdə keçirmək istədikləri toyun tarixini müəyyən etmək istəyirlər, lakin yenə ortaya ”qəmbərqulu" çıxır. Hər halda, hər şey yenidən başlamalı,  həyat öz axarı ilə davam etməlidir".

Restoran və şadlıq evlərinə gəldikdə isə müraciət etdiyimiz “Neolit” restoranının Emin adlı administratoru toy və nişanla bağlı müraciətlər aldıqlarını bildirdi: “Telefon zəngi ilə toy və nişanların keçirilib-keçirilmədiyini soruşanlar var. Lakin biz də cavab veririk ki, hələlik Operativ Qərargahın bu barədə qərarı olmadığı üçün bu mümkün deyil. Yalnız restoranımıza müraciət edənlər var, onlar da bir masa arxasında 6 nəfərdən çox olmamaq şərti ilə gəlib,  şam yeməyi yeyib, gedir. Qeyd edim ki, Operativ Qərargah toylarla bağlı qadağanı aradan qaldırarsa, şadlıq evi bütün qayda-qanunlara hazır vəziyyətdədir”.

 Biznesmen, “Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli də açıqlamasında qeyd etdi ki, toy və nişan üçün xeyli sayda müraciətlər olur: “Bəli, çoxlu sayda müraciətlər var. Hətta bu gün də zəng edib müraciət etmişdilər ki, 50 adamla, sosial məsafə gözləmək şərti ilə restoranda toy etmək istəyirlər. Lakin məlum odluğu kimi, Operativ Qərargah hələlik toylarla bağlı məhdudiyyəti aradan qaldırmadığı üçün biz də bu müraciətləri rədd edirik. Zaman-zaman mən də eşidirəm ki, hansısa yerlərdə toylar keçirən olur. 100-150 nəfərlik toylar əsasən bağlarda keçirilir. Bu haqda daha çox müğənnilərdən və toyların bəzək işlərinə  baxan şəxslərdən eşidirik. Onları da qınamıram. Yəni bizdə olmasa da, ”böyük" adamların restoranlarında olur".

Mürvət Həsənli toylarla bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı səsləndirilən fikirlərlə razı olduğunu bildirdi: “Toyların keçirilməsindən artıq çox zaman keçib. Bir il müddətində toyların olmaması həm ölkədə iqtisadi hərəkətliliyə mane oldu, həm də gələcəkdə demoqrafik fəsadlara səbəb ola bilər. Əgər bu gün  50 adam restoranda məsafə saxlayıb, otura bilirsə, 50 nəfərlə restoranda toy etməyə icazə verilməməsi məntiqli deyil. İnsanlar restoranlarda, şou-proqramlarda otura bilər, amma toyda yox? Həmin məclislərdə sadəcə bəylə-gəlin çatmır. Beləliklə, istərdim ki, müəyyən qaydalar çərçivəsində toyların da keçirilməsinə icazə verilsin”.

Qeyd edək ki, toylara qoyulan qadağanın aradan qaldırılması ilə bağlı artıq bir neçə millət vəkili fikirlər səsləndirir. 

Millət vəkili, iqtisadçı Vüqar Bayramlı bununla bağlı sosial şəbəkədə maraqlı şərh yazıb. O qeyd edib ki, müəyyən standartlarla bu sahədə də aktivliyi bərpa etmək mümkündür. Sitat: “Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı, bəlli standartlarla bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımından da vacib hesab olunur.


Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir. Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".

Millət vəkili Fazil Mustafa: “Bir neçə dəfə gündəmə gətirdim: əhali əziyyət çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar. Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq. Əslində bunlar çox sadə məsələlərdir. Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var”.

Xəbər lenti