Xəzər Xəbər

Paytaxtda göydələnlər zəlzələyə nə qədər davamlıdır?

Cəmiyyət | 09:23 • 5 Noyabr 2020
Paytaxtda göydələnlər zəlzələyə nə qədər davamlıdır?

Ekspert: "2000-lərin əvvəlində tikilən binaların bir çoxunda seysmik davamlılıq tələblərinə əməl olunmayıb”


Qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ çoxlu dağıntılara və 100-dən yuxarı insanın həyatını itirməsinə səbəb olub. Zəlzələdən dərhal sonra hüquq-mühafizə orqanları bəzi binaların tikintisində seysmik davamlılıq normalarına əməl olunmaması iddiası ilə cinayət işi başladıb. Cinayət araşdırmaları çərçivəsində dağılan binaların tikintisini həyata keçirən podratçı şirkətlərin 9 nəfər vəzifəli şəxsi həbs edilib. İlkin məlumatlara görə, İzmirda seysmik normalara cavab verməyən onlarla bina söküləcək.


Qeyd edək ki, Azərbaycan, xüsusilə də Bakı şəhərinin ərazisi seysmik aktiv zona hesab olunur. Buna görə də 2000-ci illərin əvvəllərindən tikinti meydançasını xatırladan paytaxtda binaların seysmik davamlılığı daim diqqət mərkəzindədir. Bir çox ekspertlər hesab edirlər ki, tikinti sahəsində nəzarətsizlik dövrü olan 2000-ci illərin əvvəllərində Bakıda inşa olunan çoxmərtəbəli binaların xeyli hissəsinin tikintisi zamanı seysmik normalar nəzərə alınmayıb. Ötən illərdə bu məsələ dəfələrlə müzakirə olunub. 2016-cı ildə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mətbuata verdiyi açıqlamada Almaniyanın geoloji təşkilatı ilə birgə Bakıdakı bütün binaların seysmik davamlılığının yoxlanacağını bildirmişdi. Mərkəz rəhbəri bu prosesin 2 il davam edəcəyini demişdi. Lakin bu yoxlamanın aparılıb-aparılmadığı, aparılıbsa, hansı nəticələrin əldə olunduğu açıqlanmır.


Onu da bildirək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Bakıda tikilən bütün yeni hündür mərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir. Bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintinin normalara uyğun aparılmasına nəzarət edir.


Xatırladaq ki, sovet dövründə tikilən binalar 8 bala hesablanırdı. Hazırkı tələblərə görə isə tikililər 9 bala hesablanmalıdır. Yeni çoxmərtəbəli binalar ekspertizadan keçiriləndə layihənin tikilən obyektin 9 ballıq zəlzələyə davam gətirməsinə imkan verəcək normalara uyğun aparılıb-aparılmadığı yoxlanılır. Ekspertizanı  Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi həyata keçirir. Agentliyin rəis müavini Elxan Hüseynovun  mətbuata dediyinə görə, yalnız Bakı şəhəri deyil, bütün Azərbaycanda binalar 9 ballıq zəlzələlər nəzərə alınaraq inşa edilir: "Azərbaycanda 1960-cı ilə qədər seysmik normalar olmayıb. Ancaq 1961-ci ildən başlayaraq binalar 7-9 ballıq zəlzələyə hesablanıb. Artıq bu gün biz 8 və 9 ballıq zəlzələni nəzərə alaraq tikintilər aparırıq. Biz hətta dinamik üsullarla da binaların təhlükəsizliyini yoxlaya bilirik. Binanın ətrafında 1-2 ballıq zəlzələ edərək binanın neçə bala tab gətirə biləcəyini yoxlaya bilirik. Ancaq qeyd edim ki, bizim 100-150 illik binalarımız var. Həmin binalar zəlzələyə tab gətirməyə bilər. Onları 9 bala tab gətirən binaya çevirmək mümkün deyil. Qeyd etmək lazımdır ki, biz Azərbaycanda 8 və ya 9 ballıq zəlzələ gözləmirik. Ancaq təhlükəsizlik tədbirləri təbii ki, görülməlidir. Hətta biz bu gün bir qayda olaraq tələb qoyuruq ki, yeni tikilən binalar da istifadəyə verildikdən sonra hər 5 ildən bir yoxlama aparılsın”.


Daşınmaz əmlak sahəsi üzr ekspert Ramil Osmanlının "Yeni Müsavat”a dediyinə görə, əvvəllər FHN Bakıda istismara yararsız olan, yaxud istismar üçün tam hazır olmayan binaların siyahısını açıqlayırdı: "Axırıncı belə siyahı nazirliyin 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatda var. Nazirlik bir qayda olaraq istismara yararsız binalara müvafiq icazə sənədi vermirdi. 2019-cu ilin 19 fevralında Prezident bəzi çoxmənzilli binaların istismara qəbulu prosesinin sadələşdirilməsi haqqında fərman imzaladı. Bu fərmanın icrası zamanı məlum oldu ki, təkcə Bakı şəhərində istismara qəbulu mümkün olmayan binaların sayı 400-dən yuxarıdır. Fərmanın icrası prosesində bunların mühüm hissəsi istismara qəbul olundu. Təəssüflər ki, bu prosesdə hesabatlılıq təmin olunmadı. İctimaiyyət bilmədi ki, həmin binaların istismara qəbulunu əngəlləyən çatışmazlıqlar necə həll olundu: aradan qaldırıldımı, yoxsa göz yumuldu?”


Ekspertə görə, 2000-ci illərin əvvəllərində Bakıda inşa olunan çoxmərtəbəli binaların müəyyən hissəsində seysmlik davamlılıq tələblərinə əməl olunmayıb: "Həmin binaların bir çoxu seysmik davamlılıq tələblərinə əməl olunmadığı halda istismara qəbul edilib. İndi də o binalarda insanlar yaşayır. Təbii ki, binaların zəlzələyə davamlılığı bilavasitə təbii hadisə zamanı üzə çıxa bilər. Allah bizi o gündən saxlasın”.


R.Osmanlının fikrincə, son illərdə tikintilərin müvafiq normalara əməl olunmaqla aparılmasına nəzarət gücləndirilib: "Həm nəzarət gücləndirilib, həm də təsadüfi şirkətlər bazardan çıxıb deyə tikintilər keyfiyyətlə həyata keçirilir. Yeni tikilən binalarda çox cüzi texniki problemlər ola bilər ki, bu problemlər də seysmik davamlılığa hər hansı təhlükə yaratmır”.


"Yeni Müsavat”


Xəbər lenti