Xəzər Xəbər

TƏBİB-dən peyvənd açıqlaması

Cəmiyyət | 10:57 • 24 Oktyabr 2020
TƏBİB-dən peyvənd açıqlaması

"Koronavirusla bağlı hazırda təsdiqlənmiş, dəqiq öz effektivliyini sübuta yetirmiş bir peyvənd növü çox təəssüf olsun ki, əlimizdə yoxdur. Yaxın günlərdə olacağını da gözləmirəm".


Bunu açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.


İnfeksionist bildirib ki, peyvənd məsələsi bir az vaxt, bir az müddət alan bir prosesdir: "Bu səbəbdən bu bizə hətta illərə başa gələ bilər. Çünki peyvənd hazırlanması heç də asan, rahat başagələn bir prosedur deyil. Onun nəticələrinin də araşdırılması, effektivliyinin sübuta yetirilməsi vaxt alan bir prosesdir. Bu səbəbdən yaxın günlərdə effektiv bir peyvəndin meydana gələcəyi haqqında təəssüf ki, ümidsiz də olsa bunları bildirməliyəm. 


Peyvənd hər hansı bir müddətdə təsdiqlənsə belə, bu, müəyyən qrup insanlara vurulacaq. İstənilən halda peyvəndin ilk hədəf qrupları o şəxslər olacaq ki, xəstəliyin ölüm faizinin az olduğunu nəzərə alsaq peyvəndi də daha çox risq qrupunda olan şəxslər, kimlərin ki, xəstəliyi ağır keçirmək ehtimalı, ağırlaşmaq ehtimalı yüksəkdir, bu şəxslərə vurmaq nəzərdə tutulacaq. Bunlar da yaşlı şəxslərdir, xroniki xəstəliyi olan şəxslərdir, ürək-damar sistemi xəstəliyi olanlar, şəkərli diabeti olanlar, xroniki böyrək, qaraciyər xəstəlikləri olan şəxslər, ağciyərlərin xroniki xəstəliyi olanlardır. Biz ölüm statistikalarını araşdırdığımız zaman görürük ki, onlarda ağırlaşma və ölüm risqi çox yüksək olur. 


Heç bir peyvəndin qoruyuculuğu 100% deyil. Xəstəlikdən asılı olaraq, peyvənddən asılı olaraq bu faizlər 60, 70, 80% arasında belə dəyişə bilər. Həmçinin bu gələcəkdə kəşf olunacaq koronavirus peyvəndinə də aid olacağını düşünürəm. Çünki insanın fərdi immun sistemindən asılı olaraq biz peyvəndi tədqiq etdiyimizdə orqanizmin ona verdiyi cavab reaksiyası önəmlidir. Bizi qoruyan, əslində, peyvənd deyil, peyvəndin nəticəsində orqanizmimizin o maddəyə verdiyi cavab reaksiyasıdır. Bu cavab reaksiyası insanlarda fərdi olaraq dəyişə bilər. Bir insan normal reaksiya verə bilər, normal qoruyuculuq əldə edə bilər, digər insanın immun sistemi bu reaksiyanı zəif verə bilər və zəif qoruyuculuq yarana bilər, yaxud da nadir hallarda da olsa rastlaşırıq, bəzən orqanizm hiper (yüksək) reaksiya verir. Bunun da nəticəsində fərdi həssaslıq dediyimiz hiperhəssaslıq reaksiyaları meydana gəlir".


Milli.Az

Xəbər lenti