Xəzər Xəbər

Ağır xəstəliklə doğulmuş körpələrin həyatına son qoymaq olarmı?

Cəmiyyət | 14:33 • 18 Aprel 2019
Ağır xəstəliklə doğulmuş körpələrin həyatına son qoymaq olarmı?

Belçika klinikalarının yeni doğulmuşlara qulluq şöbələrində çalışan həkim və tibb bacılarının hər on nəfərindən altısı hesab edir ki, ağır xəstəliklərdən əziyyət çəkən uşaqların valideynlərinin razılığı ilə belə uşaqların həyatına son qoymağa icazə verən qanun olmalıdır.


AZƏRTAC xəbər verir ki, "De Standaard” qəzeti Genta və Brüssel Universitetləri ilə bağlı olan "Care Around Life Ending” tədqiqat qrupu tərəfindən aparılan sorğunun nəticələrinə yekun vurub. Hazırda Belçikada yeni doğulmuşların həyatına son qoyulması ilə bağlı hərəkətlər qeyri-qanuni hesab edilir. Əgər diaqnoz zamanı ciddi pozulmalar aşkarlanarsa və ya ananın həyatı təhlükə altında olarsa, bu halda qadınlar hamiləliyin dayandırılmasını, yəni uşaq dünyaya gələnədək onun həyatına son qoyulmasını tələb edə bilərlər. Evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrumetmə təcrübəsi) isə yalnız böyüklər üçün tətbiq edilə bilər.


Yeni doğulmuşlara qulluq edən həkim və tibb bacılarının əksəriyyəti hesab edir ki, perspektivsiz müalicənin müəyyən növlərinə başlamamağa, bunun əvəzində normal yaşamaq ümidi olmayan körpənin həyatına son qoymağa imkan yaradılmalıdır.


"Əgər biz müalicəyə başlamamaq barədə danışırıqsa, sorğuda iştirak edən bütün həkimlər buna müsbət cavab veriblər. Tibb bacılarının 95 faizi də belə düşünür”, - deyə tədqiqatçı Lor Dombrext bildirib.


Xəstənin həyatına son qoymaqdan ötrü onun venasına dərman yeridilməsinin tərəfdarları arasında tibb bacıları həkimlərə nisbətən daha çoxdur (həkimlər - 60 faiz, tibb bacıları – təxminən 75 faiz). Lord Dombrextin fikrincə, "ola bilər ki, həkimlər buna daha az meyillidirlər, çünki əsas məsuliyyəti onlar daşıyırlar”.

Xəbər lenti