Xəzər Xəbər

Bu qurumlarda 1560 vakant yer var - İŞÇİ AXTARILIR

Cəmiyyət | 12:21 • 28 Sentyabr 2018
Bu qurumlarda 1560 vakant yer var -

Dövlət İmtahan Mərkəzi tərəfindən sabah dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DIM-dən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 31 yer, AB vəzifə qrupu üzrə 379, AC vəzifə qrupu üzrə isə 1150 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Azərbaycan Respublikasının Hesablama Palatasında şöbə müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək milli Fondunun rəhbəri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri ,Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.

İmtahan kompüter vasitəsilə aparılacaq. Saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Xəbər lenti

Çox oxunanlar