Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini
daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda
pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən
tədbirlər davam etdirilir.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, sonuncu belə reyd zamanı avtonəqliyyat
vasitələrini sərxoş vəziyyətdə idarə edən 13 sürücü aşkarlanıb. Qeyd
edək ki, həmin sürücülərdən ikisi xanım olub. Aşkar edilən sürücülər
alkoqol müayinəsindən keçirilmələri üçün tibbi məntəqəsinə aparılıb.
Müəyyən edilən sərxoş sürücülərdən biri yol polisinin saxla əmrinə tabe
olmayaraq hərəkətini davam etdirməyə çalışıb. Həmin şəxs Nobel
prospektində yüksək sürətlə hərəkət edərək nəqliyyat vasitəsini
dayandırmaqdan imtina etsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində
"Nargilə" kafesinin yaxınlığında süni sıxlıq yaradılaraq saxlanılıb.
Bundan
başqa reyd zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük
hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən,
avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar
barəsində müvafiq tədbirlər görülüb. Reyd zamanı həmçinin
avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol
polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və
barələrində inzibati qərar çıxarılıb.
Reyd zamanı ümumilikdə 30-dan çox sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 15 sürücüyə isə xəbərdarlıq edilib. Bakı
Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən
bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.