2018-ci ilin 7 ayında Azərbaycanda 19 meşə və çöl yanğın hadisəsi baş verib.
Bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, bu ilin ötən dövründə baş verən yanğın hadisələri nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb.
H.Əlizadə qeyd edib ki, bu il yanğınlar Şabran, Oğuz, Yardımlı Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki və Siyəzən rayonlarında qeydə alınıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə isə deyib ki, Azərbaycanda meşə və çöl ərazilərinin yanğınının 97 faizi insan faktoru ilə bağlıdır.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: "Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir".
Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir: "Yəni ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq".
F.Əlizadə qeyd edib ki, sonsuzluğa qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil: "Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir". (Trend)