Xəzər Xəbər

Ət kəsimi küçələrdən yığışdırılır Yeni tələblər

Cəmiyyət | 12:58 • 12 İyun 2018
Ət kəsimi küçələrdən yığışdırılır
"Azərbaycan ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçiriləcək"


XəzərXəbər xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib ki, həmin məntəqələrin müəyyənləşməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.



"Həm Bakı şəhərinin, həm regionları əhatə edən şəhər və rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdiriləcək ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyətə başlayacaq".

Agentlik sədri bildirib ki, bu iş inzibati qaydada deyil, mərhələli formada həyata keçiriləcək: "Azərbaycan ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti monitorinq olunacaq. Bununla müəyyənləşdirəcəyik ki, hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var. Artıq həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək. Həyata keçirilən işin həcmindən asılı olaraq müəyyənləşəcək ki, hansı tipli məntəqələr seçilsin".

Q. Təhməzli qeyd edib ki, Azərbaycan ərazisində iri və xırda buynuzlu heyvanların bütün sanitar-gigiyenik normalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni kəsimi və satışını yığışdırılacaq və mərkəzləşmiş şəkildə əhalinin sağlamlığına təhlükə törətməkdən məntəqələrdə kəsim həyata keçiriləcək.

"Daha sonra uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə daşınan ət məhsullarının mağazalarda satışı həyata keçiriləcək. Bu məsələdə ciddi maarifləndirmə işinə ehtiyac var. Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur. Bu, əsla belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.

Ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin olacağı ilə bağlı fikirlərlə razı deyiləm. İri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələrindən keçməlidir, çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunacaq və kəsimdən sonra heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunacaq. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldiləcək".

Agentlik sədri vurğulayıb ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşımalıdır. "Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılması, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı artır və onların əti istifadə üçün qənaətbəxş ət hesab olunmur".

Xəbər lenti