Dövlət İmtahan Mərkəzi
(DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) magistratura pilləsinə qəbul imtahanının birinci
mərhələsi üzrə sınaq imtahanı keçirib.
DİM-dən XəzərXəbər-ə bildirilib ki, imtahan Bakı,
Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə dörd binada təşkil olunub.
İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan
bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanıb və 2 saat 30
dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də
operativ qərargah fəaliyyət göstərib, imtahan keçirilən mərkəzlərlə
mütəmadi əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun
keçirilib.
İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd
edək ki, sınaq imtahanının keçirilməsinin məqsədi bakalavrlara münasib
vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsilə onların
verbal və riyazi məntiqini, fəza təfəkkürünü, İKT və xarici dil üzrə
bilik, bacarıq və vərdişlərini yoxlamaqdır. Həmçinin bakalavrların həm
imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq
səviyyələrini yoxlamaları üçün şərait yaratmaqdır.