"Azərbaycan Avtomobil
Yolları" Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda 2.7
km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq vətəndaşların
istifadəsinə verilib.
"Azəravtayol”dan
XəzərXəbər-ə verilən məlumata görə, şəhərsalma planına uyğun olaraq, yol boyu tam yeni müasir yol infrastrukturu yaradılıb.
Belə ki, Suraxanı rayonunun Zığ - Suraxanı
avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında
yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri də tam olaraq
yekunlaşdırılıb. Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə
çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.
Sözügedən
yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində
asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə
avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində
problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb.
Aparılan
işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb.
Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb,
əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı
və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası
aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib,
bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Səth
sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə
zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış
barmaqlıqları və 10 nöqtədə 250 mm diametrli drenaj borular, həmçinin
qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb.
Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya
xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub.”
Layihə
çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanaqlara
giriş-çıxışını təmin etmək məqsədi ilə 8 yerdə xüsusi "cib”li dayanacaq
hissələr yaradılıb. Bütün işlər tərtib olunmuş qrafikə uyğun "Azərbaycan
Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında
texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.
Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı
avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə
aparılaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən avtomobil yolu 63 min
nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.