Azər Allahverənov: "Tıxac problemi yaşayan böyük ölkələrdə bu üsul problemin qarşısını müəyyən qədər almağa kömək edir”
Natiq Cəfərli: "Mərtəbəli yollarla yanaşı, tunellər haqqında da düşünmək olar”
Sürücülük
mədəniyyəti aşağıdır. Bakıda avtomobil çoxdur. Yolların vəziyyəti yaxşı
deyil...Adətən bunlar paytaxtda tıxacın səbəbləri kimi göstərilir.
Ancaq reallıq da onu göstərir ki, səbəblər tək bunlar deyil. Son illər
isə ölkəmizin maliyyə imkanlarını nəzərə alaraq, təkliflər sırasına
mərtəbəli yolların inşası da əlavə edilib. Dünyada bir çox meqapolislər
bu varinatdan istifadə edirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki,
tıxac problemi yaşayan böyük ölkələrdə bu üsul problemin qarşısını
müəyyən qədər almağa kömək edir: "Nəzərə alaq ki, tıxac əsasən
kəsişmələrdə baş verir. Məhz həmin yerlərdə yolların bölünməsini həyata
keçirmək olar. Yəni yolların bəzi hissələrində bu təcrübədən istifadə
etmək mümkündür. Ancaq bunun üçün də həmin ərazilərdə şərait olmalıdır.
Bütün hallarda mühəndislərin qərarları daha vacibdir. Yəni, bu üsulun
dolayısı ilə tıxacın aradan qaldırılmasına müsbət təsiri var. Lakin Bakı
şəhərində tıxacların yaranmasının digər səbəbləri də var. Məsələn,
qeyri-qanuni park etmək hallarına qarşı ciddi mübarizə aparılmalıdır.
Yəni, indiki şəraitdə mərtəbəli yollar salmaqdansa, tıxacı yaradan
səbəblərlə mübarizə aparmaq daha məqbuldur. Mərtəbəli yolların inşası
üçün yolun imkanları hesablanmalıdır. Ən əsası, tıxacın yaranma
səbəbləri müəyyən edilməlidir. Tıxacın səbəbi tamamilə başqa amillərlə
bağlı ola bilər. Bu zaman isə mərtəbəli yollar tıxac problemini həll
etməyəcək. Bunlarla yanaşı, görüləcək işlərdən biri də sürücülərin
maarifləndirilməsidir”.
İqtisadçı-ekspert Natiq Cəfərli də təklifi məqbul hesab edir: "Mərtəbəli
yollar vasitəsi ilə bir çox şəhərlərdə tıxac problemi həll olunub.
Tokio, Pekin, Honq-Konqu misal göstərə bilərik. Bakıda da bu təcrübədən
istifadə etmək mümkündür. Sadəcə, nəzərə alaq ki, bu, kifayət qədər
bahalı layihələrdir. Bunun həyata keçirilməsi üçün zaman da ehtiyac var.
Çünki qısa zaman ərzində başagələcək məsələ deyil”.
İqtisadçı əlavə etdi ki, mərtəbəli yollarla yanaşı, tunellər haqqında da
düşünmək olar: "Bir vaxtlar fikirlər səsləndi ki, "20 yanvar”
dairəsindən Tbilisi prospekti istiqamətindəki tıxacı aradan qaldırmaq
üçün tunel tikilsin. Ümumiyyətlə, bütün istiqamətlərdə layihələri
dəyərləndirmək olar. Hansı daha ucuz və təhlükəsiz başa gələcəksə, onu
reallaşdırmaq lazımdır. Çünki tunel və mərtəbəli yollar tıxacdan çıxış
üsullarından biridir. Bütün Bakı şəhərində yox, əsasən mərkəzdəki tıxacı
aradan qaldırmaq üçün tətbiq olunacaq yanaşmadır”.