Xəzər Xəbər

Bakıda Azərbaycan Fizioloqlarının beşinci Qurultayı keçirilir

Cəmiyyət | 10:54 • 10 Oktyabr 2017
Bakıda Azərbaycan Fizioloqlarının beşinci Qurultayı keçirilir

Oktyabrın 10-da Bakıda Azərbaycan Fizioloqlarının beşinci Qurultayı işə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir "İnsan fiziologiyasi və sağlamliği” mövzusuna həsr olunub.

Mərkəzi Elmi Kitabxanada təşkil edilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan fizioloqlarının beşinci Qurultayı Fiziologiya İnstitutunun yaranmasının 50 illiyinə həsr olunub. Tədbirdə respublikanızın akademik qurumlarında və universitetlərin kafedralarında çalışan fizioloqlarla yanaşı, Rusiya, Gürcüstan, Belarus və İranın fiziologiya sahəsində tanınmış alim və gənc tədqiqatçıları da iştirak edirlər.

Akademik vurğulayıb ki, Azərbaycanda fiziologiya məktəbinin formalaşması 1919-cu ildə Bakı Dövlət Universitetinin (BDU) təsis olunmasından sonra başlayıb.

BDU-nun tibb fakültəsində ilk fiziologiya kafedrası rus fizioloqu, İ.Pavlovun tələbəsi İ.Tsitoviçin rəhbərliyi ilə yaradılıb. 1930-1940-cı illərdə Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda fiziologiya kafedraları, Kurortologiya və Eksperimental Təbabət elmi-tədqiqat institutlarında ilk eksperimental fiziologiya laboratoriyaları təsis edilib. Fiziologiya İnstitutu isə SSRİ Nazirlər Sovetinin və Azərbaycan hökumətinin müvafiq qərarı ilə Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən fiziologiya sektorunun əsasında yaradılıb. İnstitutun təsis edilməsində və formalaşmasında bu elm müəssisəsinin ilk direktoru, akademik Abdulla Qarayevin xidmətləri danılmazdır.

Yubiley münasibətilə institutun kollektivini təbrik edən akademik Akif Əlizadə qurultay iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti