Professor Şahnaz Şahbazova AzərTAc-a bildirib ki, məktubda həmin ağır gün gələndən sonra onun nəşinin Azərbaycanda
dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu
Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün
mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya
vəsiyyət edilməsi qeyd olunub.
Hazırda Berkli şəhərində çalışan professor Şahnaz Şahbazova qeyd edib
ki, o, kompüter elmləri fakültəsində qısamüddətli professor vəzifəsində
elmi-tədqiqat işi aparır. Lütfi Zadənin səhhəti haqqında söz açan
professor deyib ki, o hər gün alimi ziyarət edir və Lütfi bəy yataqda
çox olmağa üstünlük versə də, koməkçisi ilə hər gün vacib e-maillərə
cavab yazır və elmi məqalə üzərində işləyir. Professor Şahbazova Lütfi
Zadənin hazırda yaddaşının normal olduğunu vurğulayıb.
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin
və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru
Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya
İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi
dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor,
1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri"
kafedrasına rəhbərlik edib. Hazırda L.Zadə həmin universitetdə ömürlük
professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət
göstərir.
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və
müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil
edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu
nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə
verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi
təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha
adekvat nəzərə almağa imkan yaradıb.