Hər il Həcc, Məşəd, Kərbəla
ziyarətinə Azərbaycandan xeyli sayda zəvvar yollanır. Hətta, 20 dəfədən
artıq hacı olanlar var. Maraqlıdır, QMİ tərəfindən həmin zəvvarların
statistikası aparılırmı?
Eyni zamanda, ziyarətdən qayıdan insanlara hacı, kərbəlayı, Məşədi vəsiqəsi verilirmi?
"Məşədi Daşaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a
deyib ki, Həcc ziyarətinə yollanan zəvvarların sayını müəyyənləşdirmək
mümkün ola bilsə də, Kərbəla və Məşəd ziyarətini gerçəkləşdirən
zəvvarların statistikasını aparmaq qeyri-mümkündür.
"Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Kərbəla və Məşədi ziyarət edən
zəvvarların statistikası aparılmır. Ümumiyyətlə, bu barədə məlumat əldə
etmək olmur. Çünki insanlar istədiyi vaxt öz hesabına yaxud damüxtəlif
vasitələrlə Kərbəlaya, Məşədə gedirlər. Düşünürəm ki, onların sayı
barədə heç kimdə məlumat ola bilməz. Çünki onların qeydiyyatı aparılmır
deyə, statistikası da yoxdur.
Həcc ziyarətinə gedənlərin sayını müəyənləşdirmək mümkündür. Çünki hər
il QMİ tərəfindən kvota ayrılır və neçə nəfərin ziyarətdə olması
bilinir. Sadəcə, həmin zəvvarların hamısı hesablanmalıdır. Çünki bir
zəvvar bir neçə dəfə Həcc ziyarətində olur”.
Məscidin imam-camaatının sözlərinə görə müqəddəs torpaqları ziyarət edən zəvvarlara heç bir halda vəsiqə verilmir.
"QMİ-də hansısa Kərbəla, Həcc, Məşədi gedib ziyarət edən adamlara vəsiqə
verilməsi məsələsi yoxdur. Konkret olaraq hansısa zəvvara filan
ziyarətdə olması ilə bağlı QMİ vəsiqə vermir. Həm də vəsiqə məsələsi
şərtidir. Daha çox insanlar arasında işlədilən sözlərdir. Əslində,
dinimizdə Kərbəlayı filankəs, Məşədi filankəs titulu yoxdur. Sadəcə
ilahiyyatçılara, din xadimlərinə hörmət əlaməti olaraq bu cür müraciət
olunur. Həm də dinə mənsubluğunu ifadə etmək üçündür. Təbii ki, din bunu
qadağan etmir. Amma dinimizdə belə titullar yoxdur. Sadəcə, ziyarətdə
olan insanlara hacı, Kərbəlayı kimi müraciət edilməsinə müsbət baxıram.
Bu, bir növ ziyarətdə olan insana məsuliyyətini xatırlatmış olur. Adı
doğrultmağa təşviq edir. Eyni zamanda, belə bir vəsiqə yoxdur ki,
hansısa zəvvarın ziyarətdə olmasını təsdiq etsin”.