Xəzər Xəbər

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin heç bir əhəmiyyəti yoxdur VİDEO

Veb TV | 21:48 • 29 Fevral 2024
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin heç bir əhəmiyyəti yoxdur

Avropa Parlamentinin ikili yanaşması davam edir. Bu dəfə isə Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırış edərək iki qətnamə qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, politoloqlar hesab edirlər ki, Avropa Parlamenti tərəfindən qəbul edilən bu qərəzli qətnamənin əslində heç bir əhəmiyyəti və mənası yoxdur.

 Faktiki olaraq Avropa İttifaqının özü və üzv dövlətlər də sənəddə qeyd edilən xülyaları qəbul etmir.

Politoloqlar bildirirlər ki, yeni seçkilərə hazırlaşan Avropa Parlamentində Azərbaycana qarşı bu qərəzli və ikiüzlü çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər. Şəxsiyyətlərini pula satan belə deputatların maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır. Bu gün həmin Karapetyanın adı qanlı brilyant qaçaqmalçılığında hallanır. Hazırda Karapetyanın göstərişi və maliyəsi ilə Avropa İttifaqının Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olurlar. Hazırda parlamentdəki bəzi deputatlara verilən rüşvətin mənbəyi budur.

Xatırladaq ki, 2022-ci il dekabrın 9-da Avropa Parlamentinin tarixinə qara və silinməz ləkə vuran korrupsiya qalmaqalı da Brüsseldə başlamışdı və beş nəfərin həbsi ilə nəticələnmişdi. Bundan əvvəl sübuta yetirilmişdi ki, korrupsiya faktında erməni izi var. Belçika polisi tərəfindən həbs edilən avroparlamentin sədr müavini, əslən yunan olan Yeva Kaylinin almaz milyarderi kimi tanınan erməni iş adamı Kaspar Karapetyanla sıx əlaqələrinin olduğu üzə çıxmışdı. Karapetyan haqqında məlumat çox azdır. O, brilliant və almaz ticarəti ilə məşğul olduğunu iddia edir. Erməni əsilli Yunanıstan vətəndaşı, 75 yaşlı Kaspar Karapetyan öz fəaliyyəti üçün Avropa siyasətinin mərkəzi olan Brüsseli seçib. O, dünya ermənilərinin qərb qanadının liderlərindən biridir. Karapetyan pərdə arxasında qalmağa üstünlük verir. Diasporda yüksək statusa malik olmasına baxmayaraq, ictimaiyyət üçün onun haqqında demək olar ki, heç bir məlumat yoxdur. O, jurnalistlərdən qaçır, şəxsi həyatı, ailəsi ilə bağlı məlumatlar vermir.

Maraqlısı odur ki, indi Azərbaycana qarşı çıxan deputatlar əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edənlərdir.

Gün kimi aydındır ki, bütün bu qərəzli, ikiüzlü oyunların arxasında Makron və onun kimi siyasətçilər dayanır. Həmçinin bu gün Avropa Parlamentində islamafob, rasist və türkofob dairələr də az deyil. Ancaq onların unutduqları bir şey var: Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024