Ötən il 50 milyondan çox turistin ziyarət etdiyi Türkiyədə turizm mövsümünün 12 aya yayılması planlaşdırılır.
Xezerxeber.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib. Türkiyənin dünya turizminin parlayan ulduzuna çevrilməsi üçün göstərilən səylərə diqqət çəkən nazir bu prosesdə turizm mövsümünün 12 aya çatdırılması və keyfiyyətli turizmin gücləndirilməsi istiqamətində atılan addımların ölkə siyasətinin prioritetlərindən biri olduğunu deyib.
Turizmdə rekordlarla dolu bir ilin geridə qaldığını bildirən Ersoy bu il üçün 60 milyon turistin və bu sahə üzrə 60 milyard dollar gəlirin hədəfləndiyini qeyd edib.
Bildirilib ki, Türkiyədə əsas turizm bölgələrindən olan Antalyada başladılan Türk Arxeologiya Tarixinin Qızıl Çağı - Gələcəyə Miras layihəsi çərçivəsində arxeoloji tədqiqatların sayını illik 720-yə çatdırılıb. Bu, dünya rekordudur. Türkiyə hazırda arxeologiya sahəsində dünyada ən çox qazıntı və bərpa işləri aparan ölkədir. Bu rəqəmin 2026-cı ildə 800-ə çatdırılması planlaşdırılır.
Nazir onu da bildirib ki, 2028-ci ilin sonuna qədər Antalyadakı arxeoloji ərazilərin qazıntısı, bərpası və ətraf mühitin planlaşdırılması üçün 5,5 milyard lirə vəsait ayrılıb.