Xəzər Xəbər

Azərbaycanda sosial sığorta üzrə daxilolmalar 2 milyardı ötüb

İqtisadiyyat | 18:36 • 10 İyun 2023
Azərbaycanda sosial sığorta üzrə daxilolmalar 2 milyardı ötüb

2023-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,1 milyard manat təşkil edib.

Dövlət Vergi Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 252,9 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 1,3 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artaraq 72,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,1 faiz artıb və 54 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 17,9 faiz artaraq 370 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 faiz artaraq 260 milyon manata yaxın olub.

Xəbər lenti