Xəzər Xəbər

Qarabağda yenidənqurmaya 6,5 mlrd. manat yönəldilib

İqtisadiyyat | 12:15 • 17 Mart 2023
Qarabağda yenidənqurmaya 6,5 mlrd. manat yönəldilib

Son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 mlrd. manat, 2022-ci ildə 4,3 mlrd.manat vəsait yönəldilib.

Xezerxeber.az-ın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.

Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçib və yerlərə köçürülməsi təşkil edilib. Eyni zamanda 48 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilmiş və həmin torpaq sahələrində payızlıq buğda və arpa əkilib.

"İşğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına, məşğulluğa və davamlı iqtisadi aktivliyin təmin olunmasına töhfə verəcək”,-deyə Əli Əsədov bildirib.

Xəbər lenti