Bu, həqiqətən də, uzun bir hekayədir. Demək olar ki, 15 ildir bu komandadayam.
Xezerxeber.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mətbuatına açıqlamasında deyib.
52 yaşlı mütəxəssis Avropadakı tarixi nəticələrə aparan yol haqda danışıb. Qurbanov “Qarabağ”a gəlişini xatırlayıb:
“Başlanğıcda problemli günlərimiz, oyunlarımız oldu. “Qarabağ”a gələndə rəhbərliklə görüşlər keçirdik. Neçə görüşdən sonra söhbət olundu ki, bu komandaya çox ciddi yanaşırlar. Klubun prezidenti Abdulbari Gözəl mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm. Qarşımıza belə bir missiya qoyulmuşdu”.
Qurbanov qazanılan ilk uğurlardan da danışıb:
“Bu, bir azərbaycanlı olaraq mənim üçün böyük motivasiya oldu. Çempionatda bir o qədər yaxşı nəticə əldə etməsək də, Azərbaycan kubokunu qazandıq və Avropa Liqasında iştirak etməyə başladıq. İlk olaraq avrokuboklarda pley-off-a qədər irəlilədik. Bu, həmin dövr üçün çox böyük uğur idi. Biz pley-off-a düşəndən sonra cənab Prezident İlham Əliyevlə telefon danışığımız oldu, təbriklərini çatdırdı, razılığını bildirdi. Bu da bizim işimizin möhkəmlənməsi üçün əlavə səbəb, əlavə motivasiya oldu. Hazırda bizim 15-16-cı ilimizdir. Karyeramız belə başladı, işimizin təməli qoyuldu. “Qarabağ” adı hamımız üçün məlumdur, bu ada necə diqqət ayırırıq. Bu adı yaşatmaq üçün rəhbərliklə birləşib yaxşı iş qurduq. Bu gün bunun bəhrəsini, nəticəsini görürük”.
Qurbanov “Qarabağ”ın adının önəmini vurğulayıb:
“Burada çox məsuliyyətlə, ürəklə işləyirik. Rəhbərlik, işçi qrupu, futbolçular olaraq yaxşı komandamız var. Bu gün durum belədir. Motivasiya ilk öncə məndən başlayır ki, oyunlara özüm necə köklənirəm, hazırlaşıram. Sonra bunu futbolçulardan tələb edirəm. Ən başlıca motivasiyamız bu komandanın adıdır – “Qarabağ”dır. Bütün legionerlərə də bildirilir ki, Qarabağ nə deməkdir və bu adın Azərbaycan üçün dəyəri nədir. Legionerlər sağ olsunlar, özləri də maraqlanırlar. Bizim ayrıca işçi qrupumuz var ki, futbolçuları ölkə və Qarabağ haqqında məlumatlandırırlar. Onlar bunu başa düşürlər”.
Baş məşqçi Xankəndidə MOİK-ə qarşı keçirilən matça da toxunub:
“Şanlı zəfərimiz, 44 günlük müharibədən sonra futbolçular daha əmin olmağa başladılar ki, həqiqətən “Qarabağ” nə deməkdir. Başlanğıc etdik, Xankəndidə oyunumuz oldu. MOİK-lə Azərbaycan kubokunun matçı idi. Çox böyük bir gün idi. Həm ölkə başçısı, həm 1-ci vitse-prezident Mehriban xanım Əliyeva orada iştirak etdi. Demək olar ki, bütün dövlət orqanları iştirak edirdilər. Şəhid övladları da orda idi. Yaddan çıxmayacaq bir gün oldu. Əlbəttə, bu, bir başlanğıc idi və çox ciddi başlanğıc oldu.
İnanmıram ki, kimsə o günü yaddan çıxarsın. Bu gün bu haqda çox danışmaq olar ki, hansı hisslər keçirirdik, necə hazırlaşırdıq, futbolçular necə idi. Mənim özüm ilk dəfə Xankəndidə oldum. Əvvəl Şuşaya getmişdim, Xankəndidə olmamışdım. Çox böyük gün idi. Sağ olsun, ölkə başçısı ki, belə bir matçın orada keçirilməsinə həm razılıq, həm qərar verdi, özü də iştirak etdi. Bütün dünyaya çox böyük mesaj oldu”.