Xezerxeber.az-ın məlumatına görə, Bakı-Lənkəran marşrutu üzrə keçirilən yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə Avtomobil Federasiyasında bu tədbir üçün qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edib. Eləcə də layihənin sponsorları olan avtomobil dillerləri tərəfindən də təqdim olunan sürətli idman avtomobilləri yürüşə qatılıb. Qeyd edək ki, layihənin baş sponsoru Nazar Holdings, eləcə də sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar şirkətləridir.
Gözəl görüntüyə malik və xüsusilə də gənclər arasında böyük marağa səbəb olan sürətli idman avtomobillərini paytaxt sakinləri və şəhərimizin qonaqları yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin qarşısında da izləyə biliblər. İdman avtomobilləri Bakının cəlbedici məkanlarından keçərək Lənkərana yola düşüb.
Lənkəranda iştirakçılar üçün AAF tərəfindən xüsusi maarifləndirici və əyləncəli proqram hazırlanmışdı.
“Yürüş iştirakçıları Lənkəranda Heydər Əliyev adına parkda təşkil edilən “Avropa şəhərciyində” də olublar. Burada qonaqlar Avropa İttifaqı ölkələri, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edib.
AAF pilotlarının iştirakı ilə Lənkəran şəhərində drift şou da keçirilib. Avtomobilin idarə olunan sürüşməsi, həyəcan səsi ilə cəlb edən drift şou avtomobil həvəskarlarına adrenalin dolu hisslər yaşadıb.
Daha sonra isə Azərbaycan Avtomobil Federasiyasının yürüş iştirakçıları üçün hazırladığı əyləncə proqramı təqdim olunub.
Yürüş iştirakçıları viktorinaya qoşularaq avtomobillər haqqında sualları da cavablandırıblar. Qaliblərə AAF və tədbirin sponsorları tərəfindən hədiyyələr verilib.
Lənkərana avtomobil yürüşü çərçivəsində Azərbaycan Avtomobil Federsiyasının əməkdaşları Lənkəran Şəhər Qarışıq Tipli Uşaq Evini də ziyarət edib, müxtəlif yaş qruplarından olan uşaqları hədiyyələrlə sevindirib, həm də onlar üçün nahar yeməyi təşkil edib. AAF tərəfindən Uşaq Evinə müxtəlif zəruri məişət avadanlıqları da verilib.