Xəzər Xəbər

Erlan Sairov: Qazaxıstan Cənubi Qafqazda sabitlikdə maraqlıdır

Gündəm | 13:12 • 16 May 2024
Erlan Sairov: Qazaxıstan Cənubi Qafqazda sabitlikdə maraqlıdır

Dost, qardaş dövlətlər olan Qazaxıstanla Azərbaycanı həm mənəvi əlaqələr, həm də strateji tərəfdaşlıq bağlayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstan Parlamentinin deputatı Erlan Sairov bildirib.

“Bununla bağlı Qazaxıstan müttəfiqlərinin təhlükəsizliyi və xarici siyasət maraqlarının səmərəli həyata keçirilməsinin təmin edilməsinə kömək etməyə çalışır”, – deyə deputat bildirib.

O vurğulayıb ki, Qazaxıstanın xarici siyasəti MDB ölkələrinin suverenliyini və ərazi bütövlüyünü tanıyan Almatı Bəyannaməsinin müddəalarına əsaslanır. Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin Almatıdakı son görüşü bu müddəaları nəzərə almaqla təşkil olunub.

“Ümid edirik ki, Almatıda aparılan danışıqlar Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin əsasını təşkil edəcək və Qafqaz regionunda uzunmüddətli təhlükəsizlik və sabitliyə töhfə verəcək. Qazaxıstan bu regionda sabitlikdə maraqlıdır, çünki bura logistika və nəqliyyat üçün strateji əhəmiyyət kəsb edir”, – deyə Erlan Sairov vurğulayıb. O, atılan addımların dialoqa cəlb edilən bütün ölkələrə fayda verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, cari il mayın 10-11-də Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında birbaşa danışıqlar aparılıb. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdir.

Xəbər lenti