Xəzər Xəbər

Ceyhun Bayramov Ermənistanı qızışdırıcı bəyanatlardan çəkinməyə çağırıb YENİLƏNİB

Gündəm | 12:25 • 2 Mart 2024
Ceyhun Bayramov Ermənistanı qızışdırıcı bəyanatlardan çəkinməyə çağırıb

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

XİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.

Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

Xezerxeber.az xəbər verir ki, nazir bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib. 

Görüş zamanı Ceyhun Bayramov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı çağırış edib.

“Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir”, - deyə o bildirib.

Nazir regional və beynəlxalq hadisələr barədə danışdıqlarını da əlavə edib.

Xəbər lenti

Çox oxunanlar