Xəzər Xəbər

Bu şəxslər pensiya yaşından 5 il əvvəl aylıq müavinət alacaqlar DETALLI MƏLUMAT

Müavinətin artacağı gözlənilir
Cəmiyyət | 16:14 • 22 Yanvar 2024
Bu şəxslər pensiya yaşından 5 il əvvəl aylıq müavinət alacaqlar

Azərbaycanda əhalinin ayrı-ayrı kateqoriylarına aid şəxslərə aylıq və birdəfəlik müavinətlər təqdim edilir.

Xezerxeber.az-ın araşdırmasına görə, hazırda müavinətin 18 növü mövcuddur. 

Aylıq müavinətin 12, birdəfəlik müavinətin isə 6 növü var.

                                                                       Aylıq müavinətlər aşağıdakılardır:

Yaşa görə müavinət

Əlilliyi olan şəxslərə əlilliyə görə müavinət

Ailə başçısını itirməyə görə müavinət

Dövlət qulluqçularına ömürlük müavinə

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

Beşdən çox uşağı olan qadınlara müavinət

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər

Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər

Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət

3 yaşınadək uşağa qulluğa görə müavinət.

                                                                    Birdəfəlik müavinətlər isə bunlardır:

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət

Uşağın anadan olmasına görə müavinət

Dəfn üçün müavinət

Cəzaçəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət.

Xezerxeber.az yaşa görə müavinətin hansı halda təyin olunması, bunun kimlərə şamil olunduğu, onun məbləği, müddəti, şərtlərindən bəhs edir. Eyni zamanda hansı şəxslərin pensiya yaşından 5 il əvvəl müavinət almaq hüququ olduğunu təqdim edir.

                                                                Yaşa görə müavinət hansı halda təyin edilir?

Yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər.
Hazırda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır. 2027-ci il iyul ayının 1-dək qadınların pensiya yaş həddi hər il 6 ay artırılacaq.
Amma elə şəxslər var ki, onlara aylıq sosial müavinət pensiya yaşından 5 il əvvəl verilir. Başqa sözlə, kişilərə 60 yaşında, qadınlara isə 58 yaş 6 ayda sosial müavinət verilir.

                                                             Bu kateqoriyaya aid şəxslər kimlərdir?

Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə pensiya yaşından 5 il əvvəl sosial müavinət verilir.

                                                          Sosial müavinətin 20 manat artacağı gözlənilir

Hazırda sosial müavinətin məbləği 220 manatdır. Amma bu məbləğin təxminən azı 20 manat artacağı gözlənilir.
Qeyd edək ki, yaşa görə müavinət ömürlük təyin edilir. Amma şəxs əmək fəaliyyətinə başlayarsa, müavinət dayandırılır.
Sadalanan kriteriyalara cavab verən şəxslər sosial müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə və “DOST” mərkəzinə müraciət edə bilərlər.
Müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, əgər sosial müavinət almaq hüququnuz bir neçə ilə əvvəl yaranıbsa və siz gec müraciət edibsinizsə, bu halda əvvəlki illərin də müavinəti ödəniləcək. Əvvəlki il maksimum 3 il müəyyənləşdirilib. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024